Ölkəmin varı, bərəkəti, xeyri də sənsən – KƏLBƏCƏRDƏN REPORTAJbackend

Ölkəmin varı, bərəkəti, xeyri də sənsən – KƏLBƏCƏRDƏN REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dilbər güşələrindən biri, ərazisinə görə ölkəmizin ən böyük rayonu olan füsunkar təbiətli Kəlbəcərə gedirik. Bir qrup kəlbəcərli uzun illərin həsrətindən sonra doğma yurdlarına ayaq basacaqlar. Heç vaxt görmədiyim, amma gözəl təbiəti, təmiz havası, yaşıl meşələri, soyuq bulaqları, çayları haqqında çox eşitdiyim, televiziyadan, internetdən izlədiyim dağlar qoynunda yerləşən Kəlbəcərə səfər məni də həyəcanlandırmışdı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi səfərdə iştirak edənlər üçün toplanış yeri Göygöl rayonunun Toğanalı postu idi. Səfərdə iştirak edəcək 25 nəfərə yaxın kəlbəcərli ilə sübh tezdən bir araya gəlirik. Hələ Toğanalıda ikən Kəlbəcər sakinləri bizi ev sahibi kimi qarşılayır, “xoş gəldiniz” deyirlər. Hamının üzündə sevinc, bir də sevincin yaratdığı göz yaşları var.

Dağları, dərələri, meşələri, faydalı qazıntıları, o cümlədən qızıl, xrom yataqlarının zənginliyi, sənaye əhəmiyyəti olan civə ehtiyatları var bu rayonun. Mənfur düşmənlərimiz 27 il bu ərazilərimizi istismar edib, təbii sərvətlərimizi talayıb, evləri, ictimai binaları yandırıb və dağıdıblar. Nəhayət, haqq-ədalət öz yerini tapdı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyəti və siyasi iradəsi ilə 2020-ci ilin noyabrın 25-də döyüşsüz, bir güllə atılmadan Kəlbəcər öz azadlığına qovuşdu, erməni işğalçılarının ayağı ərazilərimizdən kəsildi…

Sərin hava, çayın şırıltısı, yaşıl meşə… Polis müşayiəti ilə avtomobil karvanımız Kəlbəcərə doğru yol alır. Qarışıq hisslər, 27 ildən sonra doğma yurda səfər etmək həyəcanı. Yol boyu səfər iştirakçıları ilə birlikdə təbiətin möcüzələrini seyr edir, qoyunlarını yaylağa çıxaran və arıçılıq təsərrüfatı ilə məşğul olan fermerlərin fəaliyyətini izləyirik…

Qanlı döyüşlərin şahidi – Ömər aşırımı

İlk dayanacağımız Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi olan Ömər aşırımıdır. Hündürlüyü 3 260 metr olan aşırım Birinci Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən birinə şahidlik edib. Geridə qalan maşınları gözləyərkən fürsətdən istifadə edib kəlbəcərlilərin xatirələrinə qulaq asır, Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr edirik. Bu ərazilərdəki mənzərə sadəcə, göz oxşayır.

Toğanalı-Kəlbəcər yolu son bir neçə ay ərzində genişləndirilib və hazırda işlər davam edir. Çünki bu yol demək olar ki, keçilməz olub. İndi yol boyunca tunellər tikilir, təmir işləri aparılır. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq.

Artıq Ömər aşırımı arxada qalıb və Kəlbəcərin yaşayış məntəqələri başlayır. Yolda Qiblə bulağına rast gəlirik və hamı maşınını saxlayaraq qayaların arasından süzülüb gələn buz kimi sudan dadır. Yenidən yolumuza davam edirik.

Nəhayət, 27 illik həsrət və nisgildən sonra bir qrup kəlbəcərli ata ocağına qovuşur, doğma yurdlarına baş çəkirlər. Qamışlı kəndindən başlayaraq, onların sevinclərinə şərik çıxıb unudulmaz hisslərinə şahidlik edirik.

“Tunel qətliamı” qurbanlarını ziyarət

Növbəti dayanacağımız Tunel adlanan ərazidir. Azərbaycanda ən uzun məsafəsi olan bu tunel Tərtər-Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşir. Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən tunelin uzunluğu təxminən 200 metrə yaxındır.

Nümayəndə heyətinin üzvləri “Tunel qətliamı”nın baş verdiyi əraziyə baş çəkir, erməni quldurlarının qətlə yetirdiyi insanların xatirəsini yad edir, əraziyə gül dəstələri düzürlər.

Səfərin təşkilatçısı olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdiri, Kəlbəcər sakini Sənan Hüseynov “Tunel qətliamı” barədə danışır.

O deyir ki, 1993-cü ilin mart ayının 31-də Kəlbəcərdə vəziyyət gərginləşəndə kənddən qoca və uşaqları çıxarmaq qərarı verilmişdi: “Laçında olan 30 kəndin sakinləri Kəlbəcər rayonunda yerləşən Tunel adlanan ərazidən çıxarılmalı idi. Həmin ərəfədə Günəşli kəndindən 25 nəfər yük maşını ilə təhlükəsiz zonaya aparılacaqdı. Tunel birtərəfli olduğundan arxadan gələnlərin baş verənlər barədə heç bir məlumatı olmayıb. Tunelin qarşısında pusqu quran erməni faşistləri Ağdərə istiqamətindən gələrək buradan keçən, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbarana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Kəlbəcərin Çobangərəhməz kəndindən gələn və içərisində 45 nəfər olan “KamAZ” markalı avtomobili də atəşə tutmuşdular. Onlardan 15 nəfər elə Tunel körpüsü ərazisində öldürülmüşdü. Hətta bir uşağı ailə üzvlərinin gözü qarşısında yanan “KamAZ”ın içərisinə atmışdılar”.

 Sənan Hüseynov

Sənan Hüseynov

Dövlət Komitəsi rəsmisinin sözlərinə görə, hadisə baş verən zaman orada olanlardan biri də qardaşı Ramil Hüseynov olub. Çobangərəhməzin digər sakinlərini hiyləgər düşmənin pusqusuna düşməkdən məhz R.Hüseynov xilas edib: “Qardaşım çətinliklə də olsa, canını qurtarıb, çayın kənarı ilə geri qayıdıb və ermənilərin Tunelə nəzarəti ələ keçirdikləri məlumatını çatdırıb. Nəticədə camaat başqa istiqamətdə hərəkət edib, düşmənin əlinə düşməkdən xilas olub”.

Kəlbəcərin relyefinin mürəkkəbliyinə toxunan S.Hüseynov Laçın, Ağdam və Kəlbəcərin müharibə olmadan, itki verilmədən azad olunmasına görə kəlbəcərlilər adından Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: “Dövlət başçımızın dəmir yumruğu və siyasi iradəsi nəticəsində Kəlbəcər şəhid verilmədən işğaldan azad edildi. Bizim ailə baş verən bütün faciələrin şahidi olub. Kəlbəcərə gələcəyimizi biləndə üç gün yata bilmədim. Anam Kəlbəcər həsrəti ilə dünyadan köçdü. Qarışıq hislər keçirirəm, lakin sevincimiz bütün bunlardan daha güclüdür. Kəlbəcərdə heç vaxt ermənilər yaşamayıb. Erməni işğalçıları rayonu tərk edərkən hər yeri talayıblar. Bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin bariz nümunəsidir”.

Ailəsi 27 ildən sonra Milli Qəhrəmanın məzarını ziyarət etdi

“Tuneli” keçəndən sonra Zülfüqarlı kəndinə çatırıq və kənd qəbristanlığını ziyarət edirik. Burada dəfn olunanlardan biri də Birinci Qarabağ müharibəsinin ilk şəhidlərindən olan Milli Qəhrəman Şahlar Şükürovdur. Səfərdə şəhidin ailə üzvləri də iştirak edirlər və 27 ildən sonra ilk dəfədir doğmalarının məzarını ziyarət edirlər.

Milli Qəhrəmanın həyat yoldaşı Elmira Əliyeva bildirir ki, həyat yoldaşı əslən Kəlbəcərdəndir, amma polis orqanlarında xidmət etdiyindən ömrünün son illərində müxtəlif rayonlarda çalışıb: “O zaman işlədiyi polis şöbəsinin 10 əməkdaşı ilə Kəlbəcərə sərhədə ezamiyyətə gəlmişdi. Qarabağda erməni separatizmi yeni-yeni baş qaldırmağa başlamışdı, onlar müxtəlif yerlərdə azərbaycanlılara hücum edirdilər, qətlə yetirirdilər. Belə bir dövrdə Tərtər-Ağdərə-Kəlbəcər yolu da təhlükəli idi, çünki erməni quldurları azərbaycanlılara məxsus avtomobillərin yolunu kəsir, talan edir, insanlara işgəncə verir və qətlə yetirirdilər.

Elmira Əliyeva

Elmira Əliyeva

Ona görə də Şahlargil Tərtərdən Kəlbəcərə və əks istiqamətdə hərəkət edən maşınları müşayiət edirdilər. 1990-cı ilin iyulun 11-də Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qalıb. Burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak olub. O, elə ata yurdu olan Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. 1993-cü ilə qədər biz də burada yaşadıq. Lakin Kəlbəcər işğal ediləndən sonra doğma yurdumuzdan didərgin düşdük. 28 ildən sonra ilk dəfə ailəmizlə Şahların məzarını ziyarətə gəlmişik. Bu şəraiti bizə yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik. Çünki onun siyasi iradəsi və sərkərdəlik qabiliyyəti sayəsində Kəlbəcər güllə atılmadan işğaldan azad edildi”.

Səfərdə Milli Qəhramanın övladı, polis mayoru Sənan Şükürov da iştirak edir.

“Hazırda atamın şəhid olduğu yaşdayam, eyni rütbəni daşıyıram, təsnifat mərhələsi ilə də eyni vəzifədəyəm. Bütün bu imkanları mənə dövlətim yaradıb. Bu, həm mənə, həm də atama olunan əvəzsiz yaxşılıqdır. 27 illik həsrətin bitməsini sözlə ifadə etmək mümkün deyil. Bura xidməti zərurətdən yox, atamın məzarını, doğma torpağımızı ziyarət üçün gəlmişəm və hislərimi ifadə etməyə çətinlik çəkirəm. Biz böyük zəfər qazanmışıq və bu zəfər Azərbaycanındır”, – şəhid övladı vurğulayıb.

Kəlbəcər sakini İbrahim Həsənov Şahlar Şükürovun şəhidlik zirvəsinə ucaldığı anı belə xatırlayır: “Həmin hadisə baş verməmişdən qabaq maşında idik. Mənim maşınımda Aşıq Şəmşirin qızı Çimnaz, qabağda da Şahların qardaşı Adil Şükürov əyləşmişdi. Mənfur, şərəfsiz ermənilər Otaqqaya deyilən yerdə pusqu qurmuşdular. Həmin an bizi qəfildən həm yuxarıdan qaya tərəfdən, həm də çay tərəfdən atəşə tutdular. Daşlara müxtəlif partlayıcı maddələr aminal basdırımışdı və Şahlar bunu bilib onu zərərsizləşdirmək istədi. Həmin vaxt da Şahlar ermənilər tərəfindən vuruldu. Aminalın şunuru kəsilməsəydi, çox sayda insan tələf olacaqdı. Şahlar öz həyatından keçərək çox sayda insanın sağ qalmasına zəmin yaratdı”.

“27 ildən sonra nəhayət Şahlar Şükürovun məzarını ziyarət edə bildik” – deyən İ.Həsənov danışmağa, hisslərini ifadə etməyə çətinlik çəkdiyini bildirir: “27 il 6 ay 4 gündür ki, Kəlbəcər həsrəti ilə yaşayırdım. Bu gün vətənimizə gəldik. Sevinclə yanaşı, erməni vəhşilərinin törətdiyi vandalizmləri görəndə qəzəb və təəssüf hissi keçiririk”.

Başlıbel qətliamının izləri

Növbəti dayanacağımız Başlıbel kəndidir. Bu kənd əhalisinin sayına və ərazisinin genişliyinə görə Kəlbəcərin ən böyük yaşayış məntəqəsidir. Başlıbelə polis müşayiəti ilə gedirik. Uzun illərdir insan ayağı dəyməyən enişli-yoxuşlu, daşlı-qayalı, dağılmış vəziyyətdə olan yolla hərəkət edirik, ona yaxın çaydan keçirik və nəhayət iki saatdan sonra nəzərdə tutduğumuz ünvana çatırıq.

Yol boyu insan qarışıq hisslər yaşayır: bir tərəfdə torpaqlarımızın işğaldan azad olunmasının sevinci var, digər yandan isə günahsız insanların xüsusi qəddarlıqla qətlə yetirildiyi əraziyə gedirik. Kədərlənməmək, qəhərə boğulmamaq mümkün deyil.

Kəlbəcərin digər əraziləri kimi Zülfüqarlıdan Başlıbelə gedən yol boyu ətrafdakı gözəlliklər də göz oxşayır. Çayların göz yaşı kimi dupduru və bumbuz suyu insanı valeh edir. İçmək üçün azuqəmizi də götürürük. Yol boyu budaqları meyvə bolluğundan yerə deyən alma, armud, alça ağacları, qayaların arasından sızan bulaqlar, hər an uçma təhlükəsi olan sıldırım qayalar…

Kəndə yaxınlaşdıqca gördüyümüz mənzərə isə insanın ürəyini ağrıdır. Yandırılmış, talan edilmiş evlər, onların içərisində bitən ağaclar, dağıdılan qəbirlər… Bir sözlə, erməni vəhşiliyinin bütün təzahürlərini burada görmək mümkündür.

Birinci Qarabağ müharibəsi zamanı erməni quldur dəstələri dinc azərbaycanlılara qarşı ən dəhşətli qətliamlardan birini Başlıbeldə törədiblər. Belə ki, işğal zamanı kənd sakinlərinin bir qrupu mühasirəyə düşüb, 113 gün kahalarda gizləniblər. Erməni terrorçuları onların yerini aşkarlayıb və əraziyə hərbi qüvvə toplayaraq dinc sakinlərə qarşı hücuma keçiblər. Nəticədə 19 nəfər vəhşicəsinə qətlə yetirilib, 14 nəfər isə girov götürülüb.

Qəbirlər dağıdılıb, evlər yandırılıb

Bəhruz Səmədov başlıbellidir. 1993-cü ildən bəri ilk dəfədir ata-baba yurdunu ziyarət edir. Onun keçirdiyi hissləri üzündən oxumaq heç də çətin deyil: doğma yurda qayıdışın sevinci, işğal zamanı yaşananların kədəri, evləri, qəbirləri dağıdan, bu vandalizmi törədən düşmənə qəzəb və nifrət…

“Erməni vəhşiləri diri insanlarımıza verdikləri işgəncələrlə kifayətlənməyib, ölülərimizin qəbirlərini dağıdıblar, təhqir ediblər, qara mərmərlərini qarət edib aparıblar. Bütün evlər xarabalığa çevrilib. Qəbiristanlıqlar qazılıb, mərhumların sümükləri çıxarılıb. Bir çox məzarlıqlar tanınmaz haldadır.

Buradan çıxanda 17 yaşım vardı. 27 il ərzində doğma yurdumuza qayıtmaq inamımız itməmişdi. Didərgin düşəndə böyük çətinliklərlə üzləşmişdik, lakin bu gün ata-baba ocağımıza sevinc və qürur hissi ilə qayıtmışıq. Artıq başımız dikdir və ermənilərin törətdikləri bütün vəhşilikləri faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcəyik”, – o vurğulayıb.

B.Səmədov erməni terrorçularının Başlıbeldə törətdikləri qətliamı belə xatırlayır: “Kəlbəcər işğal olunan zaman kənd sakinləri mühasirəyə düşmüşdülər. Çünki ermənilər rayonun bir hissəsini digəri ilə birləşdirən “Tunel”i tutmuşdular. Ona görə də 70-ə yaxın başlıbelli kənddən aralıda yerləşən kahalara sığınmışdı. Bir müddət sonra erməni quldurları onların gizləndiyi yeri tapıblar və əliyalın dinc sakinlərə qarşı qətliam törədiblər. Nəticədə 19 nəfər qətlə yetirilib, 14 nəfər isə girov götürülüb“.

“Nənəmi diri-diri yandırıblar, evimizin dağıntıları altından qalıqlarını axtarırıq”

Başlıbeldə əslən bu kənddən olan həmkarımız, Moderator.az saytının rəhbəri Zülfüqar Hüseynzadə ilə rastlaşırıq.

Səfərinin məqsədindən danışan Z.Hüseynzadə deyir ki, kəndə Baş Prokurorluğun əməkdaşları ilə birlikdə gəlib: “Kəlbəcər işğal olunan zaman nənəm kənddə qalmışdı. Erməni vandalları hərəkət edə bilməyən qoca nənəm içəridə ola-ola evimizi yandırıblar. Onun meyitinin qalıqlarını çıxarmaq üçün bir gün əvvəldən əraziyə gəlmişik. Hələ də qalıqları çıxara bilməmişik. Çünki evin üzərini 2 metrə yaxın torpaq qatı örtüb”.

Zülfüqar Hüseynzadə

Zülfüqar Hüseynzadə

O, ata-baba yurdunda gördüklərindən, ermənilərin törətdiyi vəhşiliklərdən dəhşətə gəldiyini söyləyir: “Azad olunan ərazilərə ayaq basan hər bir şəxs, o cümlədən kəlbəcərlilər öncə şəhidlərimizin ruhunu yad etməlidir. Məhz onlar qanları bahasına üzərimizdə olan namus ləkəsini sildilər və xalqımızı xoşbəxt millətlərdən biri etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevə ən böyük qiyməti tarix və zaman verəcək. O, Şah İsmayıl Xətaidən sonra adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran sərkərdədir. Xarabalığa çevrilən yurdumuzu onun rəhbərliyi ilə yenidən quracağımıza əminik”.

Kəlbəcər işğala məruz qalanda Z.Hüseynzadənin 23 yaşı olub: “Ermənilər ərazilərimizi işğal etməklə ömrümüzün ən gözəl çağı olan uşaqlıq və gənclik xatirələrimizin yaşandığı yurdumuzu əlimizdən almışdılar. Başlıbeldən 23 yaşında çıxmışdım, hər gün uşaqlıq və gənclik xatirələri ilə yaşayırdıq. Geri dönəndə heç nəyi olduğu kimi tapmadıq. Ermənilər dünya miqyasında görünməyən vəhşi qəbilə kimi davranaraq unudulmayacaq sifətlərini göstərdilər. Başlıbel Kəlbəcərin ən böyük və ziyalılılar kəndi olub. Artıq bu kənd xarabalığa çevrilib. Xatirələmizin yaşandığı məkanlar yer üzündən silinib. İnanıram ki, Ali Baş Komandanın dəstəyi ilə yenidən kəndimizin gözəl günlərini bərpa edəcəyik”.

Səfər Günəşli kəndini ziyarətlə yekunlaşır. Kəlbəcərin gözəlliyindən isə doymaq olmur. 27 il əvvəlkindən fərqli olaraq indi hər bir azərbaycanlının Kəlbəcərə səfərinin başa çatması yeni bir səfərin başlanğıcıdır. Bu dilbər güşəyə “hələlik” deyirik. Məmməd Arazın məşhur şerində deyildiyi kimi: “duman, salamat qal, dağ, salamat qal…”

Foto-video: Ehtiram Cəbi