Oman sultanı son 40 ildə ilk dəfə Fransaya rəsmi səfər edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron Parisdə Oman sultanı Heytəm bin Tariqi qəbul edib. Bu səfər son 40 ilə yaxın müddətdə Oman dövlət başçısının Fransaya həyata keçirdiyi ilk rəsmi dövlət səfəridir.
Liderlər arasında aparılan danışıqların əsas mövzusu Hürmüz boğazında sərbəst gəmilərin hərəkətinin təmin edilməsi və Yaxın Şərqdə regional gərginliyin azaldılması olub.
Fransa tərəfinin verdiyi məlumata görə, görüş zamanı Makron həmçinin İrana bu strateji marşrutdan keçən gəmilər üçün yeni tranzit rüsumlarının tətbiq edilməməsi barədə xəbərdarlıq ünvanlayıb.
Məhsuldar keçən danışıqların yekununda Fransa və Oman arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə, iqtisadiyyat, yaşıl enerji və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığı genişləndirməyə yönəlmiş 12 mühüm saziş imzalanıb.
Ekspertlər qeyd edirlər ki, Omanın ABŞ-İran sülh sazişində oynadığı mühüm vasitəçilik rolu fonunda bu səfər rəsmi Parisin Yaxın Şərq regionunda öz diplomatik təsirini artırmaq cəhdləri çərçivəsində mühüm əhəmiyyət kəsb edir.
Xuraman Etibarlı
İnterpress.az






