Ermənistan parlamentinin Dövlət-Hüququ üzrə daimi komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bu barədə komissiya sədrinin müavini Arusyak Cullakyan bildirib.
Onun sözlərinə görə, komissiyanın işində iştirak edən üzvlərin hamısı qanun layihəsinin lehinə səs verib. Sədr müavini deyib ki, sənəd parlamentin gündəliyinə daxil edilib.
Bildirilib ki, daimi komissiyanın müxalifətdən olan üzvləri iclasda iştirak etməyib.
Kremlin sözçüsü Dmitri Peskov qərara münasibət bildirib və bunu düşmənçilik kimi qiymətləndirib.
Məlum olduğu kimi, oktyabrın 3-də, yəni cəmi bir neçə gün sonra Ermənistanın plenar iclasında da bu məsələ müzakirə olunacaq. Çox böyük ehtimalla Ermənistan parlamentində də sənəd təsdiqlənəcək.
Hazırda İrəvanla Moskva arasında münasibətlər kifayət qədər gərgindir. Bu, şübhəsiz ki, Qərbin, o cümlədən ABŞ-ın maraqlarına uyğundur. ABŞ Ermənistanı Rusiyadan qoparmaq üçün əlindən gələni edir.
Son günlərədək Rusiya Ermənistan hakimiyyətinin “şıltaqlığına” loyal danışırdı. Moskva, bəlkə də, əvvəlki münasibətin bərpa olunacağına, daha doğrusu, Paşinyanı yenidən “öz ayağına bağlaya biləcəyinə ümid edirdi”. Amma Kremldən verilən açıqlama göstərdi ki, münasibətlər artıq geri dönüşü olmayan mərhələyə qədəm qoyub. İki dövlət arasında münasibətlərin bundan sonra bərpa oluna biləcəyi ağlabatan görünmür.
Ermənistanın Roma Statutunu təsdiqləməsi Rusiya üçün nəyisə dəyişməyəcək. Onsuz da Putin Ermənistana ildə-ayda bir dəfə gedir. Bundan sonra da heç getməz. Bu, Rusiya Prezidenti üçün prinsipial əhəmiyyətli məsələ deyil. Amma sənədin ratifikasiya edilməsinin ciddi siyasi əhəmiyyəti var. Bu, İrəvanla Moskva arasındakı münasibətlərin yeni mərhələsinin başlanması ilə yanaşı, həm də birincin ikinciyə meydan oxuması deməkdir.
Rusiya Xarici İşlər Nazirliyi artıq Ermənistanı hədələyib. Qeyd olunub ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Bunun belə olacağına, demək olar, şübhə yoxdur. Beləliklə, Qərb məqsədinə nail olacaq, İrəvanla Moskvanın arasını vuracaq.
Kreml onsuz da Paşinyanın əlindən bezmişdi. Müvafiq qərarın ratifikasiyasından sonra isə onun “qələmini qıra bilər”.
Kənan Novruzov
İnterpress.az