Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanın istefasına münasibət bildirib.
İnterpress.az xəbər verir ki, Paşinyan Sarkisyanın tutduğu vəzifədən getmək barədə qərarını açıqlayandan bir neçə saat qalmış öyrəndiyini deyib.
“İstefa qərarını prezidentin özü verib, mən bu barədə açıqlamadan cəmi 3,5 saat əvvəl xəbər tutdum”, deyə o qeyd edib.
Paşinyan vurğulayıb ki, prezident baş nazirlə məsləhətləşməyib, sadəcə olaraq onu məlumatlandırıb. Baş nazir Sarkisyanın bütün arqumentlərini dinlədiyini vurğulayıb, lakin şərh verməkdən imtina edib. Onun sözlərinə görə, istənilən rütbəli məmur bu cür qərarları müstəqil qəbul edir.
Paşinyan, həmçinin bildirib ki, onun siyasi komandası hələ gələcək prezidentin namizədliyi ilə bağlı qərar verməyib.