Almaniyada polis maşınına daş atan şəxsə görə 200 polis çoxmərtəbəli binanı mühasirəyə alıb.
İnterpress.аz xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.
Almaniyanın Kil şəhərində polis avtomobilinin üzərinə ağır beton plitə atılması ilə əlaqədar genişmiqyaslı əməliyyat başladılıb.
Mettenhof rayonunda yerləşən 22 mərtəbəli “Ağ Nəhəng” yaşayış binası 200 polis əməkdaşı tərəfindən mühasirəyə alınıb və sakinlərin binanı tərk etməsi müvəqqəti qadağan edilib.
İstintaq qrupu binadakı 242 mənzilin hər birinin qapısını döyərək sakinlərdən məcburi DNT testi tələb edir. Yerində tapılmayan şəxslərə isə DNT nümunəsi vermələri barədə poçt vasitəsilə rəsmi bildiriş göndəriləcək.
Əməliyyat zamanı asayiş keşikçilərinə kömək məqsədilə dronlardan da istifadə olunur.
Məlumata görə, iyunun 2-də naməlum şəxslərin asayiş keşikçilərinin maşınına atdığı ağır daş ön şüşəni qıraraq 25 yaşlı qadın polis əməkdaşını ağır yaralayıb.
İstintaq hadisəni qəsdən adamöldürməyə cəhd kimi qiymətləndirir və həmin daşın üzərində cinayətkara aid DNT izləri aşkarlanıb.
Prokurorluq cinayətkarın tapılmasına kömək edəcək məlumat üçün 1000 avro (təxminən 1850 manat) mükafat təyin etsə də, sosial problemləri ilə tanınan binanın sakinləri hələ də susurlar.
Xuraman Etibarlı
İnterpress.аz






