Polşanın daxili işlər naziri Mariuş Kaminski Slovakiya sərhədindən gələn avtomobillərin yoxlanıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kaminski verdiyi açıqlamada Balkan marşrutu boyunca miqrasiya təzyiqinin artdığını bildirib.
Xüsusilə Slovakiya üzərindən miqrasiya təzyiqinin artdığına diqqət çəkən Kaminski deyib ki, sərhədçilər Polşa-Slovakiya sərhədində bu istiqamətdən gələn qeyri-qanuni mühacirləri daşıma ehtimalı olan avtobus və digər nəqliyyat vasitələrini yoxlamağa başlayıb.
Polşanın baş naziri Mateuş Moravyeçki son açıqlamasında bildirib: “Daxili İşlər Nazirinə Polşa-Slovakiya sərhədində mikroavtobuslar, pikaplar, sərnişin maşınları və qeyri-qanuni mühacirləri daşımaqda şübhəli bilinən avtobuslar da daxil olmaqla sərhəd nəzarətinə başlamağı tapşırmışam”.
Ötən ilin oktyabrında Polşa Belarus sərhədində tikanlı məftillərlə örtülmüş beş metrlik polad hasardan ibarət 186 kilometrlik sədd çəkib, burada minlərlə mühacirin Polşa ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün bu ölkədən miqrasiya təzyiqi artıb.
Bundan əlavə, iyun ayında Polşa-Belarus sərhəd divarına kameralar, termal görmə nəzarəti avadanlığı və sensorlardan ibarət elektron maneə əlavə edilib.