Prezidentdən xəbərdarlıq mesajıbackend

Prezidentdən xəbərdarlıq mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətimiz artıq yaxşı bilir ki, dövlətimizin başçısı istər Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində, istər regional və geoiqtisadi layihələrin təməlqoyma mərasimlərində, istərsə də keçirdiyi müşavirələrdə ictimai fikri məşğul edən suallara aydınlıq gətirmək ənənəsinə sadiqdir. Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən müşavirə də istisna təşkil etmədi.

 

Son günlər ictimai müzakirə mövzularından biri Fərrux yüksəkliyi ilə bağlı idi. Yüksəklik bizdədir ya bizdə deyil sualı ölkəmizin gündəmini zəbt etmişdi. Rusiya Müdafiə Nazirliyinin son iki bəyanatı və internet məkanının erməni seqmentində yayılan dezinformasiyalar təhrif olunmuş xəbərlərə zəmin yaradırdı. Baxmayaraq ki, ölkəmizin Müdafiə Nazirliyinin kifayət qədər sərt və konkret bəyanatları da ortada idi. Prezident İlham Əliyev müşavirədə məsələyə aydınlıq gətirdi:

 

“Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var”.

 

Başqa sözlə, yüksəkliyin nəzarətimizdə olması və bunun strateji əhəmiyyəti barədə ictimaiyyətə dəqiq məlumat verildi. Digər müzakirə mövzularından biri isə Ermənistanla sülh müqaviləsinin imzalanması və Prezident İlham Əliyevin Brüssel səfərinin ictimai dəyərləndirilməsi ilə bağlı idi. Dövlətimizin başçısı müşavirədə həmin məsələyə də münasibət bildirdi:

 

“Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”.

 

Prezidentin açıqlaması  ona da aydınlıq gətirdi ki, Avropa İttifaqının Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətindəki səyləri ölkəmizdə hörmətlə qarşılanır və təqdir olunur. Ona görə ki, bu mötəbər Təşkilat Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul edir və bəzi beynəlxalq qurumların  son 30 ildəki yanlış təcrübəsindən məsafə saxlayır, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmir, ərazi bütövlüyünün toxunulmazlığı kimi fundamental beynəlxalq prinsipin öncüllüyünü qəbul edir. Elə bu səbəbdən, Prezident İlham Əliyevin  beynəlxalq hüquqa və tarixi ədalətə söykənən mövqeyi və haqlı iradları Brüssel səfərində Avropa İttifaqı Şurasının rəhbərliyi tərəfindən anlayışla qarşılandı, üçtərəfli görüşün yekunlarına dair kommunikedə “Dağlıq Qarabağ” və “münaqişə” ifadələrindən imtina olundu.

 

Prezident İlham Əliyevin növbəti iki mesajı xüsusilə diqqətçəkəndir. Bunlardan biri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa təması ilə bağlıdır. Prezidentin buna münasibəti nəinki Ermənistan cəmiyyətinin, eləcə də onların xaricdəki himayədarlarının və Ermənistanı öz orbitində saxlamaq istəyən kənar dairələrin diqqətini cəlb edə biləcək dərəcədə konkret və birmənalı oldu:

 

“Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna kömək göstərmək istəyənlər kömək göstərməlidirlər”.

 

Son cümlənin diplomatik dildən işlək leksikona tərcüməsi belədir ki, münasibətlərin normallaşmasına kimlərin kömək etmək istədiyi, kimlərinsə “köməklik” pərdəsi altında gərginliyin saxlanılmasında maraqlı olduğu Azərbaycan rəhbərliyinə dəqiq məlumdur. Dövlət başçısının ikinci mesajı siyasi riyakarlıqlarından əl çəkməyənlərə və erməniləri yeni hərbi-siyasi təxribatlara sövq edənlərə ciddi xəbərdarlıq mahiyyəti daşıyırdı:

 

“Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.

 

Müşavirədə səsləndirilən fikirlər və verilən konkret mesajlar bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyev beynəlxalq hüququn siyasi maraqlara deyil, əksinə,  hədəf və maraqların beynəlxalq hüquqa uyğun olmasını tələb və təşviq edən dünya liderlərindəndir. Dövlətimizin başçısı hadisələri öz adı ilə çağırmaq, onları  mahiyyətinə uyğun şəkildə, olduğu kimi dəyərləndirmək mövqeyinə sadiqdir. Prezidentin çıxışından gətirdiyim növbəti iqtibas həm də bu mənada diqqətçəkəndir:

 

“Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur”.

 

Ölkəmiz ötən illər ərzində ikili standartlardan irəli gələn çoxsaylı ədalətsiz yanaşmalarla üzləşib: istər Xocalı soyqırımının tanınması, istər Azərbaycan ərazisində erməni separatçılığının sərt və birmənalı şəkildə qınanmaması, istər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasına beynəlxalq maneələrlə, istərsə də, Prezidentimizin təbirincə desək, keçmiş həmsədrlər institutunun qeyri-funksional fəaliyyəti ilə bağlı və sair. Təəssüf ki, bu siyahını xeyli uzada bilərik. Lakin bütün bunlara baxmayaraq, xalqımız ədalətin və haqlı olanın gec-tez bütün coğrafiyalarda zəfər çalacağına inanır. Çünki 2020-ci il noyabrın 8-də öz Ali Baş Komandanının rəhbərliyi altında ədalətin təntənəsini və milli qürurunun xilas olması hissini özü yaşayıb, xalqımız bu gün də eyni hissləri yaşayır. Azərbaycanda ictimai inamı gücləndirən mühüm amillərdən biri də odur ki, vətəndaş, seçici ölkə rəhbərinin sözündə və əməlində ardıcıl və qətiyyətli olduğunu, sözü ilə əməlinin vəhdət təşkil etdiyini əyani şəkildə görür. Vətən müharibəsindən dərhal sonra ATƏT-in Minsk qrupunun həmsədr nümayəndələrinin ölkəmizə son birgə səfəri və Prezidentin onlara açıq şəkildə söylədiyi fikirlər, əminəm ki, hər kəsin yadındadır. Dövlət başçısı aprelin 12-də keçirilən müşavirədə də həmsədrlərin gələcək fəaliyyəti ilə bağlı mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş etdirdi:

 

Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”.

 

Prezidentin bu açıqlamasının davamı isə geosiyasi proseslər fonunda həmsədrlər institutunun real vəziyyətinə və perspektivinə tam dəqiqliyi ilə aydınlıq gətirdi:

 

Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər… Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”.

 

Bir tərəfdən, dünyada mövcud olan ikili standartlar təcrübəsinin, digər tərəfdən isə cərəyan edən geosiyasi proseslərin yaratdığı çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin müşavirədəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan hakimiyyəti dünya nizamının  beynəlxalq hüquq normaları və fundamental beynəlxalq prinsiplər əsasında tənzimlənməsinin tərəfdarıdır. Bu cür mövqe ümumbəşəri dəyərlərə də, xalqımızın maraqlarına da tam uyğundur. Prezident İlham Əliyev cəmiyyətimizlə yanaşı, beynəlxalq auditoriyaya da o mesajı verdi ki, bugünkü-müstəqil və güclü Azərbaycan fərqli coğrafiyalardakı bütün münaqişələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında həll olunmasının tərəfdarıdır, bunun üçün vaxtında sözünü demək və əməli addımlarını atmaq gücündədir. Dünya ədaləti də, təhlükəsiz dünya nizamı da məhz bunu tələb edir.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı