Qırğızıstanda niqab qadağasına nəzarət sərtləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Qırğızıstanın Uzgen şəhərində (Oş vilayəti) polis əməkdaşları niqab geyinən bir qadını onu çıxarmağa məcbur edib və 20 min som (təxminən 230 dollar) məbləğində cərimə tətbiq ediblər. Hadisə ölkə üzrə davam edən anti-niqab reydləri çərçivəsində baş verib.
Bənzər əməliyyat bu ilin 15 oktyabrında Oş şəhərində də aparılmışdı: polis 28 qadını “radikal dini simvolika” hesab edilən niqabı küçədə çıxarmağa məcbur etmiş və hər birinə eyni məbləğdə cərimə kəsmişdi.
Qırğızıstanda niqabın ictimai yerlərdə istifadəsi 1 fevral 2025-ci ildən rəsmi şəkildə qadağan olunub. Qadağa pozulduqda ciddi maliyyə sanksiyası nəzərdə tutulur.
Aprel ayında keçirilən genişmiqyaslı əməliyyat zamanı Oşda 300-dən çox qadının niqabı məcburi şəkildə çıxarılıb.
Mərkəzi Asiyanın dünyəvi hakimiyyətləri niqab və digər radikal dini atributları potensial təhlükə kimi qiymətləndirir. Rəsmi dairələr bunun dini radikallaşmanın qarşısını almaq məqsədi daşıdığını bildirir.
Xuraman Etibarlı
İnterpress.az






