Qırmızı dənizdə partlayıcı ilə doldurulmuş qayıqla hücum edilən Hindistan gəmisi batıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qırmızı dənizdə daxilinə partlayıcı maddələr doldurulmuş qayıq vasitəsilə hücuma məruz qalan Hindistana məxsus gəmi batıb. Bu barədə məlumat Yəmənin beynəlxalq səviyyədə tanınmış rəsmi hökumətinin bəyanatına istinadən yayılıb.
Məlumata görə, “Faize Noore Oliya” adlı gəmi Yəmənin liman şəhəri olan Hudeydədən təxminən 13 dəniz mili cənubda qəfil hücuma məruz qalıb.
Bəyanatda həmçinin qeyd olunur ki, gəminin göyərtəsində olan 14 heyət üzvünün (13 Hindistan və 1 Yəmən vətəndaşı) hamısı sağ-salamat xilas edilərək təhlükəsiz yerə təxliyə olunub.
Hücumun konkret olaraq hansı tarixdə baş verdiyi hələlik rəsmi şəkildə dəqiqləşdirilməyib.
Eyni zamanda, regiondakı hərbi-siyasi qruplaşmalardan heç biri hələlik bu dağıdıcı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Xuraman Etibarlı
İnterpress.аz






