Azərbaycan Prezidenti İlham Əliyev “BBC News”a müsahibəsində Qarabağdakı hərbi əməliyyatların qışda davam edib-etməyəcəyi haqda sualı cavablandırıb.
İnterpress.az xəbər verir ki, İ. Əliyev bunun proseslərin gedişindən asılı olduğunu vurğulayıb:
“Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə qayıdaraq, əgər Paşinyan bu gün “mən əsas prinsipləri qəbul edirəm və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və ya iki həftə içində boşaldacağam” desə, biz dərhal dayanarıq”.
“Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalan ərazilərin boşaldılması ilə bağlı təminat verməyə ehtiyacı yoxdur. Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqeyinizi başa düşmək üçün çox aydın olmalıyam” sualına cavab olaraq: “Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan vətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması” deyib.
“Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik”.
İnterpress.az