“Qorxu və daha sərt qaydalar insanlarda aqressiya yaradacaq” – Psixoloqbackend

“Qorxu və daha sərt qaydalar insanlarda aqressiya yaradacaq” – Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrdə insanların sərt qaydalardan, məhdudiyyətlərdən sıxılmasından şikayətlənənlər çoxalıb. Virusla bağlı qoyulan qadağalar artıq insanları yorub. 2 ildir sanki hamı çərçivə içərisində yaşayır. Bəlkə də buna görə qanunların pozulması halları artır. Məgər qaydalar pozulmaq üçündür? İnsanlar nəyə görə onlara əməl etməkdən yayınır?

Psixoloq Vüsalə Rüstəm mövzu haqqında Yenisabah.az-a danışarkən qeyd edib:

“Təkcə Azərbaycanlılar deyil, bütün dünyada insanların çoxu qanunu sevməməyə meyllidir. İnsan psixologiyasında belə bir təsəvvür var: nələr qadağan olunursa, ona qarşı yönəlirik, qadağanı pozuruq. Qadağaları pozmaqla, özümüzü güclü hiss edirik”.

Psixoloq qaydalarla yaşamaq göstəricisinin ölkələrə görə dəyişdiyini vurğulayıb:

“Qaydalarla yaşamaq faizi xalqlara görə dəyişir. Almanlarla suriyalıların əməl etdiyi qaydalar azərbaycanlıların qaydaları ilə eyni ola bilməz.

Almanlar körpə yaşlarından qayda-qanunla böyüyürlər. Biz isə uşaqlarımıza qayda-qanunlar qoyduğumuz zaman nənə, baba, əmi, dayı buna müdaxilə edir və uşaq nizamdan qurtulur.

Etiraf edək ki, bəzən qayda-qanunlarla yaşamaq da insanı yora bilir. Sanki bir çərçivədir və orada vurnuxursan. Kiçik bir qaydanı pozmaq havasızlıqdan boğulan insanın pəncərəni açaraq hava almasına bənzəyir”.

İnsanlar edilən xəbərdarlıqlara niyə məhəl qoymurlar?

Psixoloq bu sualı da cavabsız qoymadı:

“Bu hal xarakter və dərk etmə ilə bağlı olur. İnsan var ki, ona heç bir qayda-qanun təsir etmir. Yeknəsək və necə gəldi yaşayan insandır.

Son dövrlər baş verən qanun pozuntularını pandemiyanın gətirdiyi sıxıntı və çarəsizlik kimi qəbul edilməlidir. İnsanların həyatı çox çərçivələnib, bəzən xəstəliyin yayılma sürəti, ölmə ehtimalları belə onları qanunsuzluğa qaçmaqdan yayındıra bilmir. Öz bildiklərini edirlər. Buna görə də kimlərisə günahlandıra bilmərik. Sadəcə maarifləndirmə ilə insanlara dayaq olmaq lazımdır. Qorxu və daha sərt qaydalar insanlarda aqressiya yaradacaq”.

Mehri Qurban

“Qorxu və daha sərt qaydalar insanlarda aqressiya yaradacaq” - Psixoloq