İsrail ordusu Rəfahın şərqindən dinc sakinləri şimala doğru təxliyə etməyə başlayıb. İsrail ordusunun Rəfahı boşaltmağa başlaması iki məqsəd güdə bilər:
-Təl-Əviv beynəlxalq ictimaiyyət və müttəfiq dövlətlərin xəbərdarlığına baxmayaraq Rafaha hücum etməkdə israrlıdır;
-İsrail evakuasiyaya başlamaqla qarşı tərəfə öz qərarında ciddi olduğunu göstərmək və bununla aparılan danışıqlarda güzəştlərə nail olmaq istəyir.
Bu fikirləri İsrail ordusunun Qəzza zolağında yerləşən Rəfah şəhərinə hücum ərəfəsində fələstinliləri təxliyə etməsi ilə bağlı İnterpress.az-a politoloq Əlimusa İbrahimov bildirib.
Onun sözlərinə görə, Rəfaha hücum olacağı təqdirdə bu, İsrailin beynəlxalq imicinə növbəti zərbə olacaq və müttəfiq dövlətlərin İsraillə münasibətləri soyuya bilər.
“İstənilən halda İsrail ordusunun hazırlıqları həm qonşu ərəb dövlətləri, həm də Fars körfəzində fəaliyyət göstərən koalisiya qüvvələri tərəfindən ciddi şəkildə izlənilir.
BMT başda olmaqla dünya dövlətlərinin İsrailin Qəzzada apardığı hücum əməliyyatının pislənməsi və Rəfaha hücumun ciddi fəsadlara səbəb olacağı barədə xəbərdarlıqlara baxmayaraq Təl-Əvivi fikrindən döndərmək mümkün olmur. Onun HƏMAS-ı bitirənə qədər hərbi əməliyyatları davam etdirəcəyi barədə götürdüyü öhdəlikdə hələ ki dəyişiklik müşahidə olunmur.
İsrail Rəfaha hücum edəcəkmi, yoxsa xaricdən olan təzyiqlərə boyun əyərək bu hücumu ən azından təxirə salacaqmı, birmənalı cavab vermək çətindir. Biz sadəcə nəzərdə tutulan hücumun hansı fəsadlara səbəb ola biləcəyi barədə mülahizələrimizi söyləyə bilərik.
Rəfah HƏMAS silahlılarının son məntəqəsi hesab olunur. Orada müasir silahlarla təchiz olunmuş iki batalyonun gizləndiyi iddia olunur.
İsrail Rəfahı təslim etmədən missiyasının bitməyəcəyini elan edir. Buna görə də məhz bu iki batalyonun darmadağın edilməsi İsrail Ordusunun qarşısında vəzifə kimi durur”, – Əlimusa İbrahimov qeyd edib.
O bildirib ki, HƏMAS silahlılarının məhv edilməsi zamanı dinc fələstinlilərin ölməsi və sayı İsrailin baş naziri Netanyahunu o qədər də maraqlandırmır.
“Bu silahlıların məhv edilməsi üçün dinc əhalidən neçə nəfərin qurban gedəcəyi, və dinc sakinlərin kütləvi aclıq və humanitar faciəyə məruz qalacağı Netanyahunu ciddi maraqlandırmır.
Baxmayaraq ki, humanitar təşkilatların verdiyi rəqəmlərə görə hazırda Rəfahda 2 milyona yaxın qaçqın sığanacaq tapıb, İsrail onların ciddi təhlükəyə məruz qalmasının qarşısını almaq üçün tədbirlər görmür.
Dünya ictimaiyyəti isə dinc sakinlərin məhv edilməsinin qarşısını almaq üçün İsraildən zəruri tədbirlər görməsini tələb edirlər.
Rəfah hücum olacağı təqdirdə bu, İsrailin beynəlxalq imicinə növbəti zərbə olacaq və hətta müttəfiq dövlətlərin belə İsraillə münasibətlərinin soyuması ilə nəticələnə bilər”, – politoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az