Əliyev və Paşinyan “Sülh Sammiti”ndə qısa söhbət ediblər.
İnterpress.az xəbər verir ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən “Sülh Sammiti”nin kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa, ayaqüstü söhbət baş tutub.
Diplomatik mənbələrin məlumatına görə, görüş rəsmi danışıqlar formatında olmayıb və tərəflər bir neçə dəqiqə ərzində fikir mübadiləsi aparıblar. Söhbət zamanı regionda sülh prosesi, sərhədin delimitasiyası və kommunikasiyaların açılması kimi məsələlərə toxunulduğu ehtimal edilir.
Qeyd edək ki, Şarm əl-Şeyxdə keçirilən “Sülh Sammiti”ndə bir sıra dünya liderləri və beynəlxalq təşkilat nümayəndələri iştirak edirlər. Sammitin əsas mövzusu qlobal sabitlik, münaqişələrin həlli və humanitar böhranların qarşısının alınmasıdır.
Ekspertlər hesab edirlər ki, Əliyev və Paşinyan arasında baş tutan bu qısa təmas Cənubi Qafqazda sülh dialoqunun davam etdirilməsi baxımından əhəmiyyətli siqnal kimi dəyərləndirilə bilər.
Xuraman Etibarlı
İnterpress.az