“Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir”.
İnterpress.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
“Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı”, – nazirlikdən bildirilib.
Qeyd olunub ki, Fransa Prezidentinin guya Azərbaycanın qeyri-qanuni separatçı rejimə qarşı güc tətbiq etməyəcəyi barədə söz verməsi iddialarının heç bir əsası yoxdur: “Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi, Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı. Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir”.