Son günlər Bakıda mərkəzi küçələrin birində fəaliyyət göstərən restoranın mətbəxində görüntülənən siçovul restoran və xidmət sahələrində nəzarətin hansı səviyyədə olmasından xəbər verir.
Mövzu ilə bağlı interpress.az-a açıqlama verən qida üzrə mütəxəssisi İlkin Şirinov maraqlı məqamlar açıqlayıb.
O bildirib ki, iaşə obyektlərində baş alıb gedən natəmizlik və nəzarətsizlik gəmiricilərin və həşəratların rahat şəkildə artıb törəməsinə şərait yaradır.
“Restoran və xidmət sahələrinin görünməyən tərəflərindən biri də anbar və mətbəxlərdə olan şəraitdir. Əksər kafe və restoranların mütəmadi olaraq sanitar qaydalara əməl etməməsi bu cür acınacaqlı vəziyyətlərə gətirib çıxarır. Məsələ burasındadır ki, bu restoran və kafelər sanitariya və epidemologiya mərkəzləri ilə müqavilələr bağlamalı, müəyyən rüsumlar ödəməli və həşərat və gəmiricilərə qarşı dərmanlama prosesləri həyata keçirilməlidir. Bu isə müəyyən məbləğ tələb etdiyindən işbazların işinə yaramr”, – qida eksperti bildirib.
Kafe və restoranlarda qidaların saxlanması şəraitindən danışan mütəxəssis onu da qeyd edib ki, əksər restoran və kafelərin mətbəxində sanitar normalar kobud şəkildə pozulur.
“Dəfələrlə təkrar şəkildə istifadə olunan duru yağlar, saxlanma şəraitinə əməl olunmayan mayonezlər, günlərlə qalan qalıq yeməklərin isidilərək müştərilərə verilməsi işbazların cibini doldursa da, insanların sağlamlığını təhlükə altında qoyur. Yaxşı olardı ki, AQTA nümayəndələri mütəmadi olaraq fəaliyyət göstərən restoran və kafelərdə monitorinqlər təşkil etsinlər”, – deyə mütəxəssis qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az