İran Xamneyinin varisini tapmaq üçün işləri sürətləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
İranın ali dini lideri Xameneinin tapşırığı ilə onun varisini müəyyən etmək üçün 2 il əvvəl yaradılmış komissiya son günlər fəaliyyətini xeyli gücləndirib.
Komissiyanın işinin sürətləndirilməsi İsrailin İran ərazisinə hücumlarına başlaması ilə bağlıdır.
Agentliyin məlumatına görə, Xamenei və onun ailə üzvləri hazırda yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Vali-ye Amr xüsusi bölməsi tərəfindən gücləndirilmiş mühafizə altındadır.
“Reuters” mənbələri qeyd edir ki, Xameneinin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi halında İran rəhbərliyi onun varisinin adını tez bir zamanda açıqlamağa çalışacaq. Bu, hakimiyyətin sabitliyini və davamlılığını nümayiş etdirmək üçün lazımdır.
Hazırda pərdəarxası müzakirələrdə iki əsas namizəd göstərilir. Birincisi, hazırkı liderin oğlu və uzun müddətdir ehtimal olunan varisi kimi görünən 56 yaşlı Moctaba Xamenei. İkincisi, İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynidir.
Həsən Xomeyni ölkə daxilində siyasi və sosial məhdudiyyətlərin yumşaldılmasını müdafiə edən islahatçı dairələrə yaxındır. Onun keçmişi ona həm dini elitanın, həm də İİKK komandanlığının hörmətini qazandırır.
Mənbələrin bildirdiyinə görə, Xomeyni İsraillə münaqişənin kəskinləşməsi və ABŞ ilə münasibətlərin gərginləşməsi fonunda xüsusi əhəmiyyət kəsb edib.
O, Moctəba Xameneinin daha sərt xəttindən fərqli olaraq, həm daxili, həm də xarici siyasətdə daha mötədil və barışdırıcı kurs təklif edə biləcək potensial lider kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az