“Dünyanın istənilən ölkəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) deyəndə Xoşbəxt Yusifzadənin adı çəkilir”
İnterpress.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf mərhumla vida mərasimində çıxışı zamanı deyib.
R.Nəcəf qeyd edib ki, Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında rolu əvəzsizdir: “Yalnız Azərbaycanda yox, keçmiş sovet ölkələrində də istənilən böyük layihənin, tapıntıların altında həmişə Xoşbəxt müəllimin imzası olurdu. O, dərin savad və biliklərə malik olmaqla yanaşı rahatlıqla bu bilikləri bölüşürdü. Onda istənilən suala cavab var idi. Bəzən özünü ekspert sayan xarici tərəfdaşların qarşısında tək oturub onlara öz mövqeyini səlis şəkildə izah edirdi”.
SOCAR prezidenti əlavə edib ki, Azərbaycanın bugünkü iqtisadi nailiyyətlərinin əsasında duran və Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsində onun da rolu olub: “O, həm də çoxlu elmi əsər və monoqrafiyaların müəllifi idi. Onlar indi də bir çox tədris müəssisələrin müəllimlərin, şirkətlərdə geoloqların stolüstü kitabıdır. Xoşbəxt Yusifzadə bizim hamımızın müəllimi idi. Xoşbəxt müəllim şərəfli yol keçərək öz vətəninə xidmət edib və bütün gənclər, xüsusən də neft sahəsində çalışanlar üçün bir nümunə olub”.