Rusiyada depressiya beynin elektrik cərəyanı ilə stimullaşdırılması vasitəsilə müalicə olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Səhiyyə Nazirliyi depressiyanın müalicəsi standartlarını yeniləməyi və bura yüksək tezlikli cərəyanlarla akupunkturun əlavə edilməsini planlaşdırır.
Yeni sənədin 2022-ci ildə qəbul edilmiş köhnə müalicə standartını tamamilə əvəz edəcəyi gözlənilir.
Yeni layihəyə əsasən, depressiyadan əziyyət çəkən pasiyentlərin müalicəsində elektropunktur, beynin elektroneyrostimulyasiyası, transkranial maqnit stimulyasiyası, plazmaferez (qanın təmizlənməsi), qanın ultrafiltrasiyası və aşağı intensivlikli lazer terapiyası kimi müasir və fərqli üsullardan istifadə olunacaq.
Həmçinin, yeni müalicə protokoluna əsasən, depressiyadan əziyyət çəkən bütün pasiyentlər məcburi qaydada hepatit, İİV (QİÇS) və solğun treponema (sifilis xəstəliyinin törədicisi) viruslarına qarşı rəsmi laborator müayinələrdən keçiriləcəklər.
Mütəxəssislər qeyd edirlər ki, bu cür kompleks yanaşma depressiyanın fiziki və bioloji səbəblərini daha dərindən araşdırmağa və müalicənin effektivliyini artırmağa kömək edəcək.
Bununla belə, bəzi psixiatrlar yeni qaydaların xəstəxanalarda növbələrin uzanmasına və müalicə xərclərinin artmasına yol açacağını ehtimal edirlər. Layihənin yaxın vaxtlarda təsdiqlənərək qüvvəyə minəcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






