Rusiyada ilk dəfə qeyri-qanuni “LGBT” ekstremist təşkilatının yaradılmasına görə real həbs cəzaları kəsilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Federasiyasının Orenburq şəhərində ölkə tarixində ilk dəfə olaraq qeyri-qanuni “LGBT” ekstremist birliyinin fəaliyyətini təşkil etmə maddəsi ilə məhkəmə hökmü oxunub.
Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə yerli “Pose” gecə klubunun sahibi, inzibatçısı və art-direktoru təqsirli bilinərək ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilmək şərti ilə 2 il 3 aydan 7 ilə qədər real həbs cəzalarına məhkum ediliblər.
Təqsirləndirilən şəxslərdən heç biri onlara qarşı irəli sürülmüş ittihamları qəbul etməyib və günahsız olduqlarını bildiriblər.
Müstəntiqlərin rəyinə görə, klubun rəhbərliyi Rusiyada sözügedən hərəkatın fəaliyyətinə qoyulan qadağalardan xəbərdar olmalarına baxmayaraq, gecə klubu pərdəsi altında qeyri-qanuni təbliğat tədbirlərini və rəsmi yığıncaqları davam etdiriblər.
Məhkəmənin hökmü ilə klubun 37 yaşlı sahibi Vyaçeslav Xasanov 7 il, 30 yaşlı inzibatçı Diana Kamilyanova 6 il 3 ay, 23 yaşlı art-direktor Aleksandr Klimov isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan əlavə, klub sahibinin qanunsuz yollarla əldə etdiyi 1 milyon rubldan (təxminən 23 044 manat) çox cinayət gəliri dövlət nəfinə müsadirə edilib.
Hər üç şəxsə isə əyləncə və ictimai iaşə sahəsində rəhbər vəzifə tutmaq qadağan olunub.
Xuraman Etibarlı
İnterpress.az






