Rusiyada “Upır” hərbi dronlarının istehsal rəhbəri Vladimir Tkaçukun avtomobili partladılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın Sverdlovsk vilayətində “Upır” hərbi zərbə PUA-larının istehsal rəhbəri Vladimir Tkaçuka məxsus “Mercedes” markalı minik avtomobilində güclü partlayış baş verib.
Hadisə nəticəsində Tkaçuk ağır yaralanıb və təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Onun ağır xəsarətlərlə sağ qaldığı bildirilir.
Tkaçuk Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatlarda aktiv şəkildə istifadə etdiyi “Upır” FPV tipli zərbə pilotsuz uçuş aparatlarının istehsalına birbaşa rəhbərlik edir.
Bu pilotsuz aparatlar zirehli texnikalara, hərbi istehkamlara və canlı qüvvələrə qarşı hücumlarda geniş istifadə olunur və son illərin ən kütləvi Rusiya FPV platformalarından biri hesab edilir.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları və xüsusi xidmət əməkdaşları cəlb olunub.
Partlayışın təfərrüatları, həmçinin hadisənin planlaşdırılmış terror aktı və ya təxribat olması istiqamətində rəsmi araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






