Rusiyanın “Zubr” pilotsuz təyyarələrə qarşı sistemi döyüş növbətçiliyinə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın dövlət korporasiyası “Rostex” pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün nəzərdə tutulmuş “Zubr” sisteminin artıq döyüş növbətçiliyinə başladığını və real sınaqlarda özünü doğrultduğunu açıqlayıb.
Bu barədə məlumat Kronştadtda keçirilən “Donanma-2026” (Flot-2026) Beynəlxalq Hərbi Dəniz Salonu çərçivəsində verilib.
Mütəxəssislər “Zubr” sisteminin müxtəlif hədəfləri, o cümlədən müasir mini-dronları və digər pilotsuz aparatları vaxtında aşkarlamaq və zərərsizləşdirmək qabiliyyətinə malik olduğunu qeyd ediblər.
Yeni müdafiə sistemi mühüm strateji obyektlərin və hərbi dəniz qüvvələrinin infrastrukturunun qorunması məqsədilə xüsusi olaraq layihələndirilib.
“Rostex” rəsmiləri bu texnologiyanın gələcəkdə daha da təkmilləşdiriləcəyini və istehsal həcminin artırılacağını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






