İyulun 17-si Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin doğum günüdür. Görkəmli sərkərdə və şair 1487-ci ilin bu günü Ərdəbil şəhərində dünyaya göz açıb.
Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran bu şəxsiyyətin yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olub. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirib.
Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazıb. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində, qismən də fars və ərəbcə qələmə alıb.
Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun qəbirləri Ərdəbil yaxınlığındakı Şeyx-Kəhrəlan kəndində indi də durur. Yerli əhali bu qəbirlərə ziyarətgah kimi baxır.
9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub oldu. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədi ilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edildi. Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürüldü. Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verildi. Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirdilər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin etdi.
Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.
Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.
Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişib.
Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılıb.
Şah İsmayıl Səfəvi Xətai – dahi strateq idi. Öz qoşünlarını 12 İmamın (ə) eşqinə 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Həmin siyahıya Şah İsmayıl Xətainin də adı daxil edilib.
Hazırda Azərbaycan paytaxtının ən iri inzibati rayonlarından biri (Xətai rayonu) sərkərdə-şairin adını daşıyır. Şahın əzəmətli abidəsi isə Bakının ən görməli yerlərindən birini bəzəyir.