“Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, eləcə də ərazi iddialarından imtina edilməsinə əsaslanan sülh sazişi tezliklə imzalanmalıdır”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın tanınmış dövlət telekanalı olan PHOENIX telekanalına müsahibəsində deyib.
Diplomat təxminən 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi hərbi təcavüz, Azərbaycan ərazisinin 20 faizini zəbt etməsi, işğal olunmuş ərazilərdə həyata keçirdiyi etnik təmizləmələr, maddi və mədəni irsi barbarcasına məhv etməsi, 1 miyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən ətraflı söhbət açıb: “2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində imzalanmış üçtərəfli bəyanata zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi 10 000-ə yaxın əsgərini ərazilərimizdən çıxartmayıb və bu silahlı hərbi birləşmələr Azərbaycan vətəndaşlarına qarşı terror və müxtəlif növ təxribatları davam etdirib. Ermənistan Azərbaycanın təxribatlara son qoymaq və qanunsuz silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarmaqla bağlı uzunmüddətli tələblərinə məhəl qoymayıb, ərazilərimizdə yeni minalar yerləşdirərək vətəndaşlarımızın ölümünə səbəb olub. Nəticədə Azərbaycan beynəlxalq hüquqa görə özünəməxsus ərazilərdə lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur olub. Azərbaycan Ordusu 24 saatdan az çəkən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərinə əməl edərək mülki şəxsləri və ya onların məskunlaşdığı yerləri hədəf almayıb, yalnız hərbi obyektlər məhv edilib”.
N.Ağayev Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olaraq nəzərdən keçirildiyini, onların Azərbaycanda həyatın bütün sahələrinə reinteqrasiya edilməsi, habelə sözügedən bölgədə yaşamalarını davam etdirmələri üçün bütün şəraitin yaradıldığını, onların təhlükəsizliyinin və bütün hüquq və azadlıqlarının təmin edildiyini söyləyib.
Səfir Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub, iki ölkə arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, eləcə də ərazi iddialarından imtina edilməsinə əsaslanan sülh sazişinin tezliklə imzalanmasının zəruriliyini ifadə edib.
N.Ağayev həmçinin bir sıra mətbu orqan, ekspert və siyasətçilər tərəfindən Azərbaycana qarşı aparılan qərəzli yanaşmanı da tənqid edib: “Azərbaycan xalqına qarşı saysız-hesabsız cinayətlər törətmiş Ermənistan 30 il ərzində nəinki sanksiyalara məruz qalmayıb, ona bu cinayətlərə son qoyması üçün hər hansı təzyiq belə göstərilməyib”.