Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır. İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir.
İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masada çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır: “Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.