“Şərtləri Azərbaycan diktə edir” – Ermənilərin suyu bulandırmasının PƏRDƏARXASIbackend

“Şərtləri Azərbaycan diktə edir” – Ermənilərin suyu bulandırmasının PƏRDƏARXASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan bir müddət öncə sərsəm bəyənatla çıxış edib. O, “Lavrov planı”nı xatırladıb və “Qarabağın təhvil verilməsini” Rusiya ilə əlaqələndirib. Rusiya XİN bu iddianı təkzib edərək bildirib: “Həqiqətdə yox, yalnız təsəvvürdə mövcud olan nəyisə şərh etmək çətindir. “Lavrov” planı da belə təsəvvür edilən reallıqlardandır”. 

Nazirlikdən əlavə ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllindən söhbət getdiyi halda “təhvil vermək” ifadəsini demək olmaz”.

Ermənistan rəsmisinin birdən-birə Rusiyanı ittiham etməsinə səbəb nədir?

Danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu bir zamanda rəsmi İrəvan niyə suyu bulandırır?

Politoloq Tural İsmayılov mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bu məsələnin Ermənistanda aparılan ikiüzlü siyasətin növbəti göstəricilərindən biri olduğunu bildirib:

“Ermənistanın siyasi rəhbərliyi Rusiyadan asılı olduğu, Rusiyaya müxtəlif siyasi gedişlər etdiyi halda arxada hələ də Qərb imperializminin, Qərbin müəyyən siyasi insitutlarının və beyin mərkəzlərinin siyasi direktivlərini yerinə yetirməyə cəhd edir. Ermənistan parlamentinin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan, yeni müdafiə naziri Suren Papikyan və bütün Nikol Paşinyan komandasında təmsil olunanlar rusiyafob yönümlü və Rusiyaya nifrət edən siyasətçilərdir. Hazırda Ermənistan cəmiyyətində Nikol Paşinyan hakimiyyətinə qarşı böyük narazılıqlar olduğu üçün “təhvil vermək” ifadəsində birbaşa Rusiyanı ittiham edərək nəzərləri öz üzərilərindən yayındırmağa çalışırlar.

Ermənistan hakimiyyəti Rusiyanı birdən-birə ittiham etmir. Uzun müddətdir Rusiyanın dövlət televiziyasında, hakimiyyətin birbaşa nəzarət etdiyi media orqanlarında Rusiyaya qarşı böyük bir fəaliyyət kompaniyası həyata keçirilir. Hazırda Alen Simonyanın Rusiya əleyhinə bu cür danışmağı Ermənistan iqtidarı tərəfindən Rusiya, Ermənistan mediasında, şüurunda uzun müddətdir aparılan Rusiya əleyhinə siyasətin növbəti bariz göstəricisidir.

Hazırda bütün proseslə bağlı gedişlər qalib tərəf kimi Azərbaycanın diktə etdiyi şərtlər, eyni zamanda 26 noyabr Soçi bəyanatının üçüncü tərəfi olan Rusiyanın da bu diktə edilən şərtləri dəstəkləməsi fonunda baş verir. Bu onlarda böyük bir qıcıq yaradır. Qıcığın nəticəsində də suyu bulandırmaqla məşğul olurlar. Bu gedişin arxsında sadəcə daxili auditoriyanı növbəti dəfə aldatmaq, bütün hadisələrdə Rusiyanı günahkar kimi göstərmək və son nəticədə gələcək zamanda Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı baş verən proseslər öncəsində Rusiyaya mesaj vermək üçün edilən ucuz siyasi şoudan başqa birşey deyil”.

Mehri QURBAN

“Şərtləri Azərbaycan diktə edir” – Ermənilərin suyu bulandırmasının  PƏRDƏARXASI