Şimali Koreyada batmış esminesin üzərində sirli şarlar peyda olub.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Şimali Koreya Kim Çen Inın gözləri qarşısında qismən batmış nəhəng döyüş gəmisini xilas etmək üçün işlərə başlayıb.
Mayın 21-də Çonqcin limanında təntənəli buraxılış zamanı beş min tonluq esmines çevrilib və yani üstə batıb. Şimali Koreya donanmasının flaqmanı kimi nəzərdə tutulan və nüvə başlıqları daşımağa qadir olan gəminin təqdimatı tam uğursuzluğa düçar olub.
Hərbi analitiklərin fikrincə, indi batmış gəminin ərazisində şarlara bənzəyən sirli hava obyektləri peyda olub.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı Karl Şuster CNN-ə deyib ki, onlar casus dron görüntülərinə mane olmaq niyyətində ola bilərlər.
Digər ekspertlər hesab edir ki, bu, gövdəni sabitləşdirmək və daha da batmağın qarşısını almaq cəhdidir.
“Bu şarlar, görünür, gəmini suda saxlamaq üçün quraşdırılıb”, – Cənubi Koreyalı hərbi analitik Yu Yon Von qeyd edib.
Kim Çen In özü də qəzaya sərt reaksiya verib. Şimali Koreya rəhbəri hadisəni “cinayət aktı” adlandırıb və gəmiqayırma zavodunun üç işçisi həbs edilib.
Mühəndislər iyunun sonuna qədər gəmini qaldırıb bərpa edə bilməsələr, onları ölüm cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az