Gənc idman mütəxəssisi Niyaz Əliyev Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) baş katibi vəzifəsinə namizədliyini irəli sürüb.
Bu barədə Niyaz Əliyev İnterpress.az-a açıqlamasında bildirib.
O söz verib ki, Azərbaycan futbolunu zirvələrə yüksəldəcək və inkişaf etdirəcək.
“Mən rəsmi olaraq Azərbaycan Futbol Federasiyası Assosiasiyasının baş katibi vəzifəsinə namizədliyimi irəli sürmüşəm. Söz verirəm ki, müəyyən müddət ərzində Azərbaycan futbolunu zirvələrə yüksəldəcəyəm və onu inkişaf etdirəcəyəm.
Tək xahişim odur ki, işlərimə mane olmasınlar və keyfiyyətli futbol yaratmaq üçün işləyə biləcək komanda toplamağa imkan versinlər.
Ölkənin bütün əsas qurumlarından xahiş edirəm ki, məni eşidib görsünlər”, – N.Əliyev vurğulayıb.
Qeyd edək ki, Niyaz Əliyev 9 avqust 1991-ci il tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Binəqədi rayonu 83 saylı məktəb-liseyində, ali təhsilini isə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Maliyyə və kredit fakültəsində iqtisadiyyatçı ixtisası üzrə alıb.
O, həmçinin Yunanıstanda yerləşən Beynəlxalq Olimpiya Akamediyasının yay məktəbi proqramının məzunudur. N.Əliyev ictimai fəaliyyətə 2009-cu ildə “İRƏLİ” İctimai Birliyində başlayıb. 2009-2014-cü illərdə “İRƏLİ” İctimai Birliyinin katibliyində müxtəlif vəzifələrdə çalışıb.
Ölkəmizin ev sahibliyi etdiyi 2015-ci ildə İlk Avropa Oyunları, 2016–cı ildə 42-ci Şahmat Olimpiadası, 2017-ci ildə İslam Həmrəylik Oyunları kimi mötəbər idman tədbirlərinin Əməliyyat Komitələrində, 2016-2018-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətində və 2019-cu il Futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılan Əməliyyat Komitəsində işləyib.
2017-2019-cu illərdə Şahdağ Turizm Mərkəzində tədbir təşkilatçılğı üzrə menecer vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycanda keçirilən ən böyük gənclər festivalı olan “YayFest”-in təşkilat komitəsinin üzvü olub.
2020-ci il mart ayından dekabr ayına kimi Azərbaycan Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzində çalışıb. 2020/2023 illerdə Davam Gənclər Hərəkətının sədr müşaviri və Davam inkişaf mərkəzinin direktoru çalışıb.
2024-cü ildə “Veyseloğlu”nun 30 illiyinə həsr olunmuş proyektin əməliyyat üzrə meneceridir və hal-hazırda COP29 koordinatoru çalışır.
N. Əliyev Yunanıstan, Niderland, Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Polşa, Ukrayna, Gürcüstan, BƏƏ, Tacikistan, Serbiya, Makedoniya və Albaniya kimi dünyanın fərqli ölkələrində müxtəlif sosial layihələrin iştirakçısı və Azərbaycanın təmsilçisi olub.
İnterpress.az