Çin döyüş təyyarəsinin Tayvan boğazında mülki sərnişin təyyarəsinin altından uçaraq radarlardan gizləndiyi iddia edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
South China Morning Post qəzetinin məlumatına görə, ABŞ-da yerləşən “FlightAware” və İsveçdə yerləşən “Flightradar 24” internet saytları tərəfindən dərc edilən uçuş izləmə məlumatlarında Çin Xalq Azadlıq Ordusuna aid “Y-9” elektron döyüş təyyarəsi ( PLA) sentyabrın 24-də Tayvan boğazına daxil olub.
Onun 10 dəqiqə ərzində tərəflərin təsir zonalarını ayıran “orta xətt” yaxınlığında radardan itdiyi müəyyən edilib.
Xəbərdə qırıcının Honq-Konq hava yolu şirkəti Cathay Pacific-in Şanxay reysində olan “CX366” adlı mülki sərnişin təyyarəsinin altından uçduğu və bununla da onun radar imzasının itdiyi iddia edilib.
Tayvan Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməkdən çəkinsə də, qəzetə danışan Tayvan Hərbi Hava Qüvvələrinin istefada olan briqada generalı Çanq Yin-tinq bunun radarlardan gizlənmək üçün “Troya atı” manevri ola biləcəyini şərh edib.
Zhang xəbərdarlıq edib ki, Çin Tayvan boğazından keçən mülki hava yollarında sərnişin təyyarəsi uçuşlarından istifadə edərək adaya qəfil hücumlar edə bilər.
Tayvan Müdafiə Nazirliyi sentyabrın 24-də Çin ordusunun Tayvan boğazının əks sahilindəki Fucien əyalətində PLA təyyarələri və quru qoşunlarının iştirakı ilə “hərbi təlim” keçirdiyini açıqlayıb. Açıqlamada, Tayvan silahlı qüvvələrinin “vəziyyəti yaxından izlədiyi” qeyd edilib.
Tayvan adasını öz ərazisi, Tayvan boğazını isə ərazi suları hesab edən Çin, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.
Tayvan 1949-cu ildən, Çin Xalq Respublikasının qurulduğu vaxtdan bəri faktiki müstəqilliyə malikdir. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir.