“Güclü Gürcüstan” koalisiyası Tbilisidəki bütün təhlükəli infrastrukturun tam yoxlanılmasını tələb edir.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Gürcüstanın müxalif “Güclü Gürcüstan” koalisiyası paytaxt Tbilisidə insanların həyatı üçün təhlükə yaradan bütün yerlərin və infrastrukturun təcili olaraq tam təftiş edilməsini tələb edib.
Koalisiyanın üzvü Nika Çerkezişvili bildirib ki, şəhərdə binaların qəzalı fasadlarının uçmasından tutmuş, metroda və uşaq meydançalarında baş verən bədbəxt hadisələrə qədər müntəzəm olaraq ağır faciələr yaşanır.
Siyasətçi paytaxt rəhbərliyindən zədələnmiş elektrik naqilləri, açıq xəndəklər, qəzalı fasadlar və digər yüksək riskli obyektlərin qısa müddətdə bərpa olunmasını tələb edib.
Müxalifətin bu kəskin bəyanatı bir neçə gün əvvəl uşaq meydançasında baş verən ağır hadisədən sonra səsləndirilib. Belə ki, yeniyetmələrin yeləncəyi bərk yellətməsi nəticəsində ağır qurğu yerindən qoparaq onların həmyaşıdının üzərinə aşıb və nəticədə azyaşlı ağır xəsarət alıb.
Müxalifət bu bədbəxt hadisəyə görə birbaşa Tbilisi meriyasını məsuliyyətsizlikdə ittiham edib. Çerkezişvili vurğulayıb ki, şəhər rəhbərliyi cəmiyyətə konkret icra müddətləri və məsul şəxslərin adlarının yer aldığı geniş fəaliyyət planını təqdim etməlidir.
Xuraman Etibarlı
İnterpress.az






