Təhsil sistemində etik dəyərlərin yenidən bərpası – TƏHLİLbackend

Təhsil sistemində etik dəyərlərin yenidən bərpası – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlik peşəsi hər zaman cəmiyyətin mənəvi sütunlarından biri olub. Onlar yalnız bilik ötürən deyil, həm də gələcəyin qurucularıdır. Amma bu gün təhsil sistemində müşahidə edilən bəzi mənfi hallar müəllimlərin nüfuzuna xələl gətirir. Xüsusilə, şagirdlərin müəllimlərin evlərində hazırlıq keçməsi kimi hallar həm təhsil prosesinə, həm də müəllim-şagird münasibətlərinə ciddi ziyan vurur.

Müəllimin peşəkar sərhədlərinin pozulması, şagirdlərin onların məişət şəraitinə şahid olması təhsilin əsas prinsiplərindən olan etik normaları sarsıdır. Şagirdlər müəllimləri yalnız məktəb mühitində görməli, onları tədris prosesinin peşəkar lideri kimi qəbul etməlidirlər. Ev şəraitində keçirilən dərslər isə müəllimin sosial vəziyyəti haqqında fikirlər formalaşdırır ki, bu da şagirdlərin nəzərində müəllimə qarşı hörmətin azalmasına səbəb ola bilər.

Maddi vəziyyət çətinlikləri bəzi müəllimləri əlavə gəlir əldə etmək üçün bu cür fəaliyyətlərə yönəldə bilər. Amma hər bir müəllim bilməlidir ki, peşəsinə və adına hörmət etmək, nüfuzunu qorumaq ən böyük vəzifəsidir. Müəllim, nə qədər çətin durumda olsa da, etik prinsiplərə sadiq qalmalı, əlabaxan olmaqdansa, peşəkarlığını qorumağa çalışmalıdır.

Bu problemlər yalnız müəllimlərin deyil, ümumilikdə təhsil sisteminin struktur çatışmazlıqlarını üzə çıxarır. Müəllimlər, gələcək nəsillərin tərbiyəsi ilə məşğul olan insanlar kimi, cəmiyyət tərəfindən daha çox qiymətləndirilməlidir. Dövlət müəllimlərin maddi təminatını artırmalı, onlara layiqli iş şəraiti yaratmalıdır. Belə ki, maaşlarının artırılması, əlavə tədris resurslarının yaradılması və sosial təminatın yaxşılaşdırılması bu məsələlərin həllində mühüm rol oynayır.

Digər tərəfdən, cəmiyyət müəllimlərə münasibətini yenidən gözdən keçirməlidir. Valideynlər müəllimlərə yalnız təhsil verən şəxslər kimi yox, övladlarının tərbiyəsində mühüm rol oynayan insanlar kimi baxmalıdır. Müəllimlər isə öz məsuliyyətlərini unutmamalı, şəxsi mənfəətlərini peşə prinsiplərindən üstün tutmamalıdırlar.

Müəllimlərin evdə dərs keçməsi təcrübəsi tamamilə dayandırılmalı, əlavə dərs saatları yalnız məktəblərdə və ya rəsmi tədris mərkəzlərində təşkil olunmalıdır. Təhsilin bərabərliyi təmin edilməli, bütün şagirdlər üçün eyni imkanlar yaradılmalıdır. Eyni zamanda, müasir texnologiyaların tətbiqi ilə tədris keyfiyyəti artırılmalı və müəllimlərin iş yükü azaldılmalıdır.

Nəticədə, müəllimlərin nüfuzunun qorunması, yalnız onların şəxsi məsuliyyətindən asılı deyil. Bu, dövlətin təhsil siyasətinin effektivliyindən, cəmiyyətin yanaşmasından və ümumi təhsil sisteminin inkişaf səviyyəsindən asılıdır. Müəllimlər yalnız bilik ötürən deyil, həm də cəmiyyətin dəyərlərini formalaşdıran nüfuzlu şəxslərdir. Onların peşəkarlığı və nüfuzu gələcək nəsillərin təlim-tərbiyəsində əvəzsiz rol oynayır.

Müəllimlik, cəmiyyətin mənəvi dayağıdır və bu dayağı möhkəm saxlamaq hər kəsin vəzifəsidir. Dövlət, cəmiyyət və müəllimlər birgə çalışaraq təhsil sistemini yenidən gücləndirməli və etik dəyərləri bərpa etməlidir. Bu, həm müəllimlərin nüfuzunun bərpası, həm də cəmiyyətin gələcəyinin təminatı üçün vacibdir.

Zaur Quliyev 

Hüquqşünas