Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 10-da 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Neftçala rayonu Xolqarabucaq kəndində seçicilərlə təntənəli görüşü baş tutub.
İnterpress.az xəbər verir ki, bu barədə Tənzilə xanımın qərargahından məlumat verilib.
Tənzilə xanım salona daxil olarkən Xolqarabucaq kənd məktəbinin məzunu, ali məktəbə 642 balladaxil olan Aysu Hüseynli gül dəstəsilə qarşılayıb və ona öz ürək sözlərini deyib, uğurlar arzulayıb.
Tənzilə xanım isə Aysuya tələbəlik zamanı və bundan sonrakı həyatında hər zaman yanında olacağını və Aysunun da onun bir övladı olduğunu dilə gətirib.
Görüşü giriş sözü ilə açan öncül təhsil işçisi, yazıçı-publisist Rühəngiz Əşrəfqızı Tənzilə Rüstəmxanlının parlament seçkilərinə “Neftçala üçün birlikdə!” şüarı ilə qatıldığını diqqətə çatdırıb, seçiciləri xalqın sevilən namizədinə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.
Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, deputatlığa keçmiş namizəd gənc aktivist Hüseyin Qurbanov Tənzilə Rüstəmxanlının fəaliyyətindən söz açıb, Xolqarabucaq sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.
Çıxış edən deputatlığa namizəd Tənzilə Rüstəmxanlı seçki platforması haqqında ətraflı məlumat verib. O, əhalinin sosial problemlərinin həlli ilə yanaşı, xalqımızın mədəni irsinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini də önə çəkib: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin bir istiqaməti də milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınmasıdır”. Vurğulayıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Tənzilə Rüstəmxanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən kənd sakinləri bildiriblər ki, Tənzilə Rüstəmxanlı illərdir, əhalinin problemlərinin həll olunmasına, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına çalışıb. Bu səbəbdən ona etimad göstərir, Neftçalanın problemlərini parlamentdə qaldıracağına və həlli istiqamətində çalışacağına inanırıq.
Qeyd edək ki, Tənzilə Rüstəmxanlının seçki qərargahı 70 saylı Neftçala seçki dairəsində “Neftçala üçün birlikdə” devizi altında təbliğat kampaniyası həyata keçirir.