TikTok-da paylaşdığı “şparqalka” videosuna görə imtahan nəticələri ləğv edilən məktəbli məhkəməyə üz tutub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Xabarovsk şəhərində yaşayan məktəbli qız TikTok sosial şəbəkəsində paylaşdığı videoya görə ləğv edilmiş vahid dövlət imtahanı nəticələrini bərpa etmək üçün bir il boyu məhkəmədə mübarizə aparmalı olub.
Məlumata görə, 2025-ci ildə şagird ədəbiyyat fənni üzrə imtahanda köçürmək üçün ipucularından (“şparqalka”) necə istifadə etdiyini və onları paltarında necə gizlətdiyini ətraflı nümayiş etdirən videoçarx paylaşıb.
Qısa müddət sonra video Rusiya Təhsil Sahəsində Nəzarət üzrə Federal Xidmətin (Rosobrnadzor) əməkdaşlarının diqqətini çəkib.
Videonun müəllifi qısa zamanda müəyyən edilib və cəmi 10 gün sonra onun imtahan nəticələri cari tədris ilində yenidən imtahan vermək hüququ olmadan ləğv edilib.
Məktəblinin atası dərhal məhkəməyə müraciət edərək videonun tamamilə qurma və uydurma olduğunu bəyan edib.
Şagird özü isə etiraf edib ki, sadəcə olaraq öz sosial şəbəkə hesabında baxış sayı və izləyici toplamaq istəyib. Bu məqsədlə o, imtahandan sonra məktəb formasını cibləri olan şortla əvəz edərək köçürmə haqqında yalançı bir çarx çəkib.
“Rosobrnadzor” isə iddia edib ki, videoda real imtahan tapşırıqları təsvir olunub, həmçinin qız imtahan zamanı üç dəfə otaqdan kənara çıxıb. Lakin bütün məhkəmə instansiyaları məktəblinin tərəfini tutub.
Çünki onun həqiqətən imtahanda köçürməsinə dair heç bir obyektiv fiziki sübut tapılmayıb və ləğv edilmiş imtahan nəticələri rəsmən məktəbliyə geri qaytarılıb.
Xuraman Etibarlı
İnterpress.az






