Bu gün dövlətimizin başçısı Rusiyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində sabah Azərbaycan və Rusiya liderləri Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar.
Bu sözləri İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdili sosial şəbəkə səhifəsində bildirib.
Baş redaktor düşünür ki, bu sənəd çox uğurlu sənədlər siyahısındadır. O, hələ ötən ilin iyun ayında Azərbaycanla Türkiyə arasında da belə bir bəyannamənin imzalandığını xatırladıb:
“Bu sənədlərin imzalanması o deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda yeni bir reallıq yaranıb və region dövlətləri də Azərbaycanla müttəfiqlik etməyə, onunla hesablaşmağa çalışırlar. Bu, birmənalı olaraq dövlətimizin növbəti bir uğurudur.
Amma təbii ki, artıq sosial şəbəkələrdə bu uğura kölgə salmağa çalışanlar kampaniyaya başlayıblar. Özünü cəmiyyətə hansısa inkişaf etmiş ölkənin aparıcı ali təhsil müəssisəsinin məzunu kimi təqdim edən “ziyalılar” hələ müttəfiqliklə ittifaqı ayırd edə bilmirlər. Onlar başa düşmürlər ki, bu iki söz siyasi termindir və müxtəlif siyasi məna daşıyırlar.
Baxmayaraq ki, sənədin adı (Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə) artıq mətbuatda da yayılıb, amma bu təxribatçıların hərəkətə keçməsinin nəyə hesablandığı da bizə məlumdur.
Görünür, özlərini ağalarına daima pusquda durub işləyən kölələr kimi göstərməyə çalışırlar.
Müttəfiqliyi ittifaq kimi təqdim edən hansısa “ziyalı”nın digər sözlərinə necə inanmaq olar?”.