ABŞ-da prezident seçkilərinə 14 ay qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Son sorğunun nəticələrinə görə, hazırkı prezident Co Bayden Donald Trampdan 9 bal geri qalır.
Baydenin populyarlığı 37 faizlə ən aşağı səviyyəyə düşüb. Demokratların 62 faizi seçkinin Baydendən başqa namizədlə keçirilməsini istəyir.
ABŞ-da 2024-cü il prezident seçkilərinə 14 ay qalıb.
İctimai rəy sorğularına əsasən, seçkinin hazırkı prezident Co Baydenlə keçmiş prezident Donald Tramp arasında olacağı ehtimalı yüksək qiymətləndirilir.
ABŞ prezidenti Baydenə dəstək günü-gündən azalır.
ABC televiziyası və Washington Post qəzetinin sorğusunda Trampı dəstəkləyənlərin nisbəti yüzdə 51, Baydenə dəstək isə 42 faiz olub.
Onun irəliləyən yaşı, ölkə iqtisadiyyatının vəziyyəti və cənub sərhədindəki immiqrant böhranı kimi məsələlər Baydenə dəstəyin azalmasında aparıcı amillərdir.
Rəyi soruşulanların 74 faizi Baydenin prezident olmaq üçün çox qoca olduğunu düşünür.
İştirakçıların 44 faizinin fikrincə, Bayden dövrü maliyyə cəhətdən pisdir.
Bu, amerikalıların 1986-cı ildən bəri prezidentin iqtisadi fəaliyyətinə verdiyi ən pis qiymət idi.
Baydenin prezidentlik fəaliyyətini bəyənənlərin nisbəti 37 faiz olaraq qalıb.
Demokratik Partiya seçicilərinin əksəriyyəti seçkiyə Baydendən başqa namizədlə daxil olmaq istəyir.
Respublikaçılar Partiyasından seçicilərin 54 faizi Donald Trampla namizəd olmağın tərəfdarıdır.
Ona qarşı açılan iddiaların Trampın populyarlığının artmasına səbəb olduğu düşünülür.