Tunis ədəbiyyatının “İtaliyalı”sı: “Stalin, Sovet İttifaqının Hitleridir”backend

Tunis ədəbiyyatının “İtaliyalı”sı: “Stalin, Sovet İttifaqının Hitleridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq ölkələri üzrə araşdırmaçı-yazar Əli Rzazadə xüsusi olaraq İnterpress.az üçün yazır…

“Stalin, Sovet İttifaqının Hitleridir”

Digər Şimali Afrika ölkələri kimi, 1956-cı idə Tunis də Fransız işğalından xilas olub, öz müstəqilliyini əldə etdikdən sonra digər sahələr kimi ədəbiyyat sahəsində də bir çox nailiyyətlər əldə etdi. Tunis ədəbi mühitində dirçəlmə baş verdi. Şübhəsiz ki, işğal dövründə Mərakeş və Əlcəzairdə olduğu kimi Tunisdə də ərəb dilinə qarşı ögey münasibət sərgilənmiş, rəsmi dairələrdə fransız dili irəli çəkilir, ərəb dilində yazıb oxumaq, hətta danışmaq belə geriliyin, köhnəliyin nümunəsi hesab olunurdu. Lakin bu kimi mənfi ictimai yanşmaya baxmayaraq, müstəqillikdən öncə də dilinə və milli dəyərlərinə sadiq qalmış bir çox qələm adamı, müəyyən qadağalara rəğmən ölkədə ərəb ədəbi dilinin ayaqda dayanmasında , milli irs kimi gələcək nəsilə ötürlülməsində müstəsna xidmətləri var idi. Bunlardan biri də müasir Tunis ədəbiyatında öz maraqlı və ecazkar qələmi ilə tanınan Şukri əl-Məbxutdur.

Mənim üçün Tunis yazarları arasında Şukri əl-Məbxutun xüsusi yerinin olması, onun qəlmə aldığı Taliyanı “italiyalı” romanı ilə başlamışdı. Şübhəsiz ki, Təkcə mənim üçün yox, Şukri əl-Məbxut qələminin dünya qiraət arenasında tanınması, onun çoxsaylı kitabları arasında, bu ilk romanı ilə əlaqdardır. Təbii ki, Şukri əl-Məbxut haqqında bu romana qədər az da olsa eşitmişdim, onun qısa hekayələri müxtəlif ərəb mətbu orqanlarnda gözümə dəymişdi, lakin professor Həsən Xəlilin Gizadakı evində ilk dəfə onun haqqında daha geniş məlumat əldə etdim. Ədəbiyyatsevər incəsənət xadimi, professor Həsən Xəlil, Şukri əl-Məbxut qələminin ezcazından xeyli danışdığı günün səhərisi, Qahirənin Vustal-bələdindən məşhur yazarın Əl-Talyani (İtaliyalı) romanını alıb bir neçə gün içərisində elə Misirdəcə oxuyub bitirdim və müəllif haqqında illər öncə zehin tarlamda yer almış bircə ədəd buğda dənəsi kimi olan təəssüratım, sünbül kimi şaxələndi və birə yüz artmağa başladı.

Məlumdur ki, ərəb dövlətlərində cərəyan edən siyasi –ictimai hadisələr, bu ölkələrdə istehsal olunan və ərsəyə gələn ədəbi əsərlərin digər ərəb ölkələrində əlçatan olmasına böyük maneə idi. Tunisdəki yazarların və ədəbiyyat adamlarının məhsulları fransızlar tərəfindən qoyulan senzuraya məruz qalmalarına baxmayaraq, müəyyən dərəcədə inkişafa meyillilik hiss olunurdu. Lakin tətbiq olunan senzura və digər maneələrə qarşı müqavimət, yalnız yerli qəzetlər və jurnallarla məhdudlaşırdı.

“İtaliyalı” romanında müəllif avtoritar rejimlərdə mətbuatın statusuna, ona qarşı tətbiq edilən senzuranın miqyasına işıq salır. Kütləvi informasiya vasitələrinin, hökmdarın imicini cilalamaq üçün necə iqtidarın əlində alətə çevrilməsini ustalıqla oxucuya çatdırır. Məlumdur ki, bir çox avtoritar rejimlərdə təkcə mətbu orqanlar deyil, bütün sahələr yalnız bir nəfərin, birinci şəxsin hakimiyyətdə qalmasını təmin etmək üçün fəaliyyət göstərirlər. Müəllif əsərində məhz bu mövzunu ustalıqla işləməyə nail ola bilmişdir. Romanda XX əsrdə Tunis tarixində mühüm mərhələnin təsviri və çalxalanmasında çox cəlbedici və təəccüblü hadisələr var.

Tunisli akademik və yazıçı Şukri əl- Məbxutun “Taliani” (italiyalı) romanı azadlıq və ləyaqət inqilabının ən mühüm sənət əsərlərindən biri hesab oluna bilər. Şukri əl-Məbxutbun müəllifi olduğu “İtaliyalı” romanı, Tunisdəki Ümumi Tələbələr İttifaqının keçmiş lideri Abdul Nasir əl-Talianinin hekayəsindən bəhs edir. Romanında Tunisin müasir tarixindən bəhs edilir və Zeynəlabidin bin Əlinin 7 noyabr 1987-ci ildə prezident Həbib Burqibaya qarşı həyata keçirdiyi çevriliş dövrünə xüsusi diqqət yetirir. Abdul Nasir at-Taliani adlı solçu tələbənin həyatını ustalıqla təsvir etməyi bacaran Şukri Məbxut, solçularla islamçılar arasında ideoloji mübarizənin şahidi olduğu bir dövrdə, yeni nəslin arzularını və onları narahat edən amilləri dilə gətirir.

Romanın bəhs etdiyi “Abdul Nasir” zahiri görkəmi və cizgiləri baxımından olduqca gözəldir, gözləri görənləri heyran edir. Yaşadığı məhəllə camaatının onu “italyalı” adlandırmağa sövq etməsi də məhz bununla əlaqədadır. Daha sonra onun haqqında dildən dilə gəzən söhbətlərdən eşitmək olur ki, o anasının bətnində olduğu vaxtlar, anası “İtaliya TV kanallarından biri olan Rai Unoya çox baxıbmış” Əlbəttə ki, bu məcazi mənada ifadə olunan fikir, Abdul Nasirə zarafatlaşdığı tanışları tərəfindən deyilir və onun italiyansayağı zahiri gözəlliyinin bir vəsfi anlamında başa düşülürdü.

“Taliani” burjua ailəsindəndir. Lakin universitetdə oxuduğu müddətdə solçu partiyaya qoşulur. O, kəndli uşaqları və fəhlə təbəqəsi ilə mütəmadi əlaqələr qurur, Kommunist Partiyasının qruplarından birinə başçılıq edir. Yazıçı tələbələrin və onların təşkilatlarının siyasi fəaliyyətindən bəhs edərək Tunis Universitetinin dünyasına daxil olur. “Taliani” karyerasında ilk dönüş nöqtəsi, Kommunist Partiyasını sərt tənqid etdiyinə və bir çox tələbələrin onun təsirinə düşdüyünə görə gözəlliyi və diribaşlığına heyran olduğu “Zeyna” adlı bir qıza qarşı sui qəsd həyata keçirilməsinin planlaşdığı zaman olur. Lakin o, siyasi əqidəsi ilə daban dabana zidd olan, fəlsəfə fakültəsində oxuyan bu kənd qızına heyran qalır. Güclü, müstəqil şəxsiyyətinə və tənqidi düşüncəsinə görə onu öldürməkdən imtina edir və onun qorunması üçün ciddi cəhdlə çalışır və daha sonra gizli şəkildə onunla evlənir. “Zeyna” nın isə öz yaxınları tərəfindən zorlandığı üçün cinsi təcavüz və onun şərq cəmiyyətindəki acı taleyindən ibarət ağrılı hekayəsi var idi.

Beləliklə, o, italyan yaraşıqlılığı ilə seçilən, paytaxt Tunisdən olan, hüquq fakültəsinin tələbəsi və artıq cəmiyyətdə inqilab ruhiyyəli gənclərdən biri kimi tanınmasına rəğmən müxalif fikirli Zeyna ilə sevgi münasibəti yaşayır. O bilir ki, Zeyna şimal-qərbdəki Bərbər kəndindən gəlib və Burqiba düşüncəsinin siyasi ideologiyasından təsirlənən bir üsyankardır.

Romanda Tunis tarixində ölkənin Həbib Burqiba ( 1957-1987) hakimiyyətinin son illərində və ondan sonrakı dövrlərdə keçdiyi mühüm bir mərhələnin hadisələrindən bəhs edilir. O sağçılara “Stalin, Sovet İttifaqının Hitleridir” deməklə yanaşı, solçulara da “Müsəlman Qardaşlar”ın təmsil etdiyi “avtoritar dini layihə ilə faşist hərəkatı” kimi ifadələrlə də hücum edir. O, “Tunis və Ərəb Məğribinin oğlu, sonradan liberalizmə üz tutan Əl-Əfif Əl-Əxdar- Kommunist Manifestinin ən gözəl tərcüməçisi ilə, eləcə də Roza Lüksenburq ilə fəxr edir.

Yazıçı “Bin Əlinin” (Zeynalabdin bin Əli 1936-2019) başçılıq etdiyi çevrilişi, hakimiyyətə gəlişini, bir çox gənclərin ədalət və azadlıq arzularını uğursuzluqlara və məğlubiyyətlərə çevirərək, cəmiyyət üzərində öz nəzarətini daha da gücləndirdiyini qələmə alır.

Əsərin qəhrəmanı Taliani (İtaliyalı) məzun olduqdan sonra jurnalistika sahəsində işləməyə başlayır və tez bir zamanda bu sahədə böyük uğurlar qazanır, fəaliyyətində başqalarından fərqlənir. Zeyna isə müəllim işləməklə yanaşı doktoranturaya hazırlaşmağa davam edir. Onun arzusu universitetlərin birində pedaqoji fəaliyyət göstərmək idi. Və bir gün Taliani “Sui-qəsdi üzə çıxarmağa kömək edə biləcək heyrətamiz faktlar” adlı məqalə yazır və onu dərc etməzdən əvvəl baş redaktor Abdul Hamidin rəyini soruşur. Baş redaktor isə buna etirazını bu cümlələrlə ifadə edir: “Sən harda olduğunu düşünrsən? Amerikada yaşayırsan? Bura Fransadır.. səni kim qoruyacaq?”

Kommunist Partiyası solçulara qarşı qanunsuz çağırışlarına görə Zeynanı öldürmək qərarına gəlir, lakin İtaliyalı ləqəbli Abdul Nasir bu planın qarşısını alır. Zeyna universitetdə dərs demək üçün yazdığı dissertasiyanı, ona intim münasibət təklifi edən elmi rəhbəri professora rədd cavabı verdiyi üçün müdafiə edə bilmir, anasının ölümündən sonra “Taliyani” ilə münasibətinə son qoyur və buralardan qaçır. Fransaya… çoxdan tanıdığı altmış yaşlı bir kişinin xanımı və arvadı olmaq üçün qaçır. Hər şeydən xilas olmaq üçün qaçır… “İtalyan”a gəlincə isə o, sabiq rejimin qəzetində iqtidarın üzünü ağartmaq üçün tətbiq edilən senzura və siyasi əxlaqsızlıq fenomenlərini, yeni hakimiyyətin isə səhnələşdirdiyi Bin Əli rejimini hakimiyyətdə saxlamaq üçün mənasız həyat yaşayır..

Romanın müəllifi Şukri əl-Məbxut bildirir ki, romanın ideyası ona ərəb baharı inqilabları hadisələrindən baş qaldırmışdır.

Şukri əl-Məbxut kimdir?

Şukri əl-Məbxut 1962 –ci ildə Tunisin qədim məhəllərindən biri olan Bab Suveyqada dünyaya gəlib. Bab Suveyqa müxtəlif ticarət mərkəzləri, meydan tədbirlərinin keçirildiyi məkanları ilə Tunisdə məşhurdur. Əsrlərdir ki, tunislilər gündəlik yaşayışlarını təmin etmək məqsədilə, alış -veriş üçün də bu meydana üz tuturlar. Bəlkədə müəllifin belə bir meydana açılan küçədə dünyaya gəlməsi, bazarətrafı caddələrdə məhəllə uşaqları ilə birilikdə qaçışması, onun dünyaya baxışının daha da aydın olmasında müəyyən qədər rol oynamışdır. Çünki, dünyanın bazara oxşar alış -veriş məkanı olduğuna elə uşaq yaşlarından dərk etmək lazımdır. Bilmirəm, görəsən haqqında danışdığımız Şukri əl-Məbxut Türk dünyasının dahi irfan şairi Yunis Əmrəni tanıyırmı, ya yox, amma onun dünyaya gəldiyi “Bab-Suveyqa” məhəlləsinin adı mənə Yunis Əmrənin bu misralarını xatırlatdı:

“Dünya bir bazardır,
gəldik bazara,
Bir kəfən aldıq,
döndük məzara”

Haqqında bəhs etdiyimiz “İtalyalı” romanı öz müəllifini ərəb dünyasında məşhurlaşdırdı və müəllif bu romanı ilə dörd mukafat əldə etdi. Xüsusən də ərəb bədii ədəbiyyatı üzrə 2015-ci il Beynəlxalq “Booker” mükafatına nail olması müəllifin uğurlarından biridir.

Görkəmlii ədəbiyyatçı alim Şukri Əl-Məbxut, bir sıra jurnalların, o cümlədən Tunis Ərəb Ədəbiyyatı İnstitutunun nəşr etdiyi “İbla” jurnalının redaksiya heyətinin üzvü, Tunisin Mənuba Universitetinin ədəbiyyat fakültəsinin dekanı, sonra isə həmin universitetin rektoru vəzifəsində çalışır.

Xüsusilə qeyd etmək lazımdır ki, Əl-Məbxutun ədəbiyyata marağı universitet illərində başlayıb və o, “İtalyan” romanına görə Ərəb Bədii Ədəbiyyatı üzrə “Booker” Beynəlxalq Mükafatını qazanan ilk tunisli yazıçıdır.

Şərq ölkələri üzrə araşdırmaçı-yazar Əli Rzazadə
İnterpress.az