Türkiyədə itkin düşən sərxoş kişi özünün axtarış əməliyyatında iştirak edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyədə dünya mətbuatının və sosial şəbəkələrin gündəmini zəbt edən olduqca gülməli və qeyri-adi hadisə baş verib.
50 yaşlı Beyhan Mutlu adlı sərxoş şəxs meşədə saatlarla xilasetmə qrupu ilə birlikdə özünün axtarış əməliyyatında iştirak edib.
Məlumata görə, dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra meşəlik əraziyə gedən və evə qayıtmayan Mutlunun yaxınları böyük təşvişə düşərək təcili yardım və polisə müraciət ediblər.
Səhər saatlarında meşədə onu axtaran xilasetmə briqadası ilə rastlaşan Beyhan kimin axtarıldığını dəqiqləşdirmədən böyük həvəslə könüllü qismində axtarış qrupuna qoşulub.
Yalnız bir neçə saat davam edən gərgin axtarışlar zamanı xilasedicilər onun adını ucadan çağırmağa başlayanda o, təəccüblə “Mən buradayam, niyə qışqırırsınız?” deyərək cavab verib.
Beləliklə, axtarılan şəxsin elə qrupdakı könüllünün özü olduğu məlum olub. Hadisə gülüş dolu sonluqla başa çatıb.
Xuraman Etibarlı
İnterpress.аz






