Türkiyədə əsgərləri cəza olaraq günəş altında susuz qoyaraq onların ölümünə səbəb olan yüksək rütbəli hərbi qulluqçular işdən çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hatayda Türkiyə Silahlı Qüvvələrinin dörd hərbçisi, o cümlədən batalyon və rota komandirləri ağır intizam pozuntusuna görə vəzifədən azad edilib. Səkkiz hərbçi cəzalandırılıb.
Məlumata görə, iyul ayında onlar cəza kimi əsgərləri günün altında susuz saxlayıblar. Bu, bir neçə hərbi qulluqçunun ölümünə səbəb olub.
Hadisədən sonra orduda təcili araşdırma aparılıb və məsuliyyət daşıyan zabitlər dərhal ordudan kənarlaşdırılıb. Prokurorluğun isə ayrıca istintaqa başladığı bildirilir.
Baş verən faciə Türkiyə ictimaiyyətində geniş rezonans yaradıb və hərbi hissələrdə şəxsi heyətə qarşı davranış qaydaları yenidən gündəmə gəlib.

Xuraman Etibarlı
İnterpress.az






