Türkiyə müdafiə sənayesinin məhsulu olan Ejder Yalçın 4X4 taktiki təkərli avtomobil Macarıstanda “Gidran” adı ilə istehsal olunacaq. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nurol Makina və Raba 4X4 taktiki təkərli avtomobillərin istehsalı üçün “Gidran” adlı birgə müəssisə quracaq və istehsal Györdəki müəssisədə həyata keçiriləcək. Bu yaxınlarda Estoniyada 100 NMS 4X4 üçün müqavilə imzalayan zirehli quru avtomobil istehsalçısı Nurol Makina, Macarıstan ilə Avropa bazarında böyüməsini davam etdirir.
Nurol Makina 2019-cu ildən Macarıstandakı fəaliyyətinin davamı olaraq Gidran avtomobillərinin istehsalı üçün Raba Automotive ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky və Nurol Holding İdarə Heyətinin üzvü Gürol Çarmıklinin qatıldığı mərasimdə tərəflər adından Nurol Makina baş direktoru Engin Aykol, Nurol Makina Macarıstan Top Meneceri Mehmet Atak, N7 Holding Top Meneceri Laszlo Palkovics imza atıblar. Raba Automotive Top Meneceri Bela.Hetzman qol vurub. Szalay-Bobrovniczky mərasimdə Nurol Makina zirehli maşınlarının Macarıstan ordusu tərəfindən yüksək məmnuniyyətlə istifadə edildiyini və şirkətin bundan sonra ehtiyac duyulan 4X4 zirehli maşınların tədarükü üçün strateji tərəfdaş olaraq seçildiyini bildirib.
Nurol Makina ilə Raba arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən şirkətlər “Gidran” adlı birgə müəssisə yaradacaqlar. İstehsal müəssisələri Rabanın Györdəki müəssisəsində yerləşəcək.
Əməkdaşlıq çərçivəsində 200-dən çox insan üçün birbaşa iş imkanlarının yaradılması gözlənilir. Bundan əlavə, Rabanın tərəfdaşları arasında olan Györ Szechenyi Istvan Universiteti və Macarıstanın müdafiə sənayesi şirkətləri ilə orijinal alt sistem və texnologiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur.