Misir Prezidenti Əl Fəttah – əl Sisi Fələstinlə İsrail arasında vasitəçilik təklifi edib. Daha əvvəl Türkiyə də oxşar təkliflə çıxış etmişdi.
Məlum olduğu kimi, İsrail ordusu ilə ilə HƏMAS arasında döyüşlər oktyabrın 7 – dən bəri davam edir. Müharibə artıq aktiv fazaya daxil olub. İsrail təkcə Fələstinlə kifayətlənmir, həm də Suriya ərazisini bombalayır. Belə bir vəziyyətdə regionda yaxın vaxtda sabitliyin təmin olunacağı ağlabatan görünmür.
İstənilən vasitəçilik təşəbbüsü, əlbəttə, üçüncü tərəfin öz şəxsi marağından irəli gəlir. Adətən üçüncü tərəflər regionda gərginlik istəmədikləri üçün vasitəçilik təklif edirlər. Amma bu “moderatorluq” çox nadir hallarda tam obyektiv olur. Çünki istənilən dövlət üçün ən vacib məqam öz maraqlarıdır.
İndiki halda Misir və Türkiyənin təklifinin qəbul olunacağına inanmıram. Xüsusilə İsrail buna razı olmaz. Çox böyük ehtimalla savaş uzun çəkəcək.
ABŞ artıq İsrailə hərbi yardımlar göndərir. Yəni müharibədə Vaşinqtonun da maraqları var. Odur ki, Ağ ev məqsədinə nail olanadək müharibənin başa çatmaması üçün əlindən gələni edəcək.
Düşünmək olar ki, müharibə Rusiyanın maraqlarına uyğundur. Çünki ABŞ artıq həm İsrailə, həm də Ukraynaya dəstək göstərməlidir. Bu, Vaşinqtonun diqqətinin Ukraynadan yayınmasına şərait yarada bilər. Hərçənd ABŞ rəsmiləri artıq bildiriblər ki, Ağ ev eyni vaxtda həm İsrailə, həm də Ukraynaya dəstək göstərmək əzmindədir.
Gələcəkdə İranın da Qəzzadakı müharibəyə cəlb olunması mümkündür. Rəsmi Tehranın bəyanatları onu deməyə əsas verir ki, bu dövlət lazım olsa gələrsə HƏMAS – ı dəstəkləməyə hazırdır.
Hazırda dünyada faktiki olaraq üçüncü dünya müharibəsi gedir. Bu, proksi savaşdır. Tarixi günlərə şahidlik edirik. Dünyanın xəritəsi dəyişir. Davam edən müharibələrin fonunda ayrı – ayrı dövlətlər yox, ya Qərb ya da Şərq koalisiyası qalib gələcək.
Kənan Novruzov
İnterpress.az