Yəmən sahillərində yük gəmisinə silahlı hücum olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin cənubunda, sahildən təxminən 88 dəniz mili məsafədə yük gəmisinin ələ keçirilməsinə cəhd barədə məlumat yayıb.
Bildirilib ki, sürətli katerlə gəmiyə yaxınlaşan silahlı şəxslərlə yük gəmisinin mühafizə xidmətinin əməkdaşları arasında qısamüddətli atışma baş verib.
Atışmadan sonra silahlıların olduğu kater geri çəkilərək ərazidən uzaqlaşıb.
Hadisə zamanı gəmiyə və onun heyət üzvlərinə hər hansı ziyan dəymədiyi, gəminin öz marşrutu üzrə hərəkətini təhlükəsiz şəkildə davam etdirdiyi qeyd olunub.
Bölgədəki dəniz təhlükəsizliyi qüvvələri tərəfindən faktla bağlı dərhal araşdırmalara başlanılıb.
UKMTO ərazidə hərəkət edən digər ticarət gəmilərinə maksimum dərəcədə ehtiyatlı olmağı və hər hansı şübhəli fəallıq barədə dərhal məlumat verməyi tövsiyə edib.

Xuraman Etibarlı
İnterpress.az






