Ukrayna ABŞ-nin “sülh planı” layihəsində əsas bəndi dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ-nin hazırladığı 28 maddəlik “sülh planı” layihəsində Ukrayna ən mübahisəli bəndlərdən birini ciddi şəkildə dəyişib.
İlkin versiyada Kiyevin aldığı bütün beynəlxalq yardımın yoxlanılması – yəni mümkün korrupsiya faktlarının aşkarlanması üçün tam audit nəzərdə tutulurdu.
WSJ yazır ki, bu tələb Ukrayna rəhbərliyi tərəfindən kəskin şəkildə qarşılanıb və nəticədə layihədən çıxarılıb.
Yenilənmiş mətnə əsasən, yardımın yoxlanılması müddəası tamamilə ləğv edilib və onun yerinə yeni ifadə əlavə olunub: müharibə zamanı bütün tərəflərin fəaliyyətlərinə tam amnistiya veriləcək.
Nəşrin mənbələri bildirir ki, dəyişiklik siyasi səbəblərdən edilib və Kiyev bu bəndin ilkin formada qalmasını qəbuledilməz sayıb.
Xuraman Etibarlı
İnterpress.az






