Üzr istəyirəm Sizdən, Sabir Rüstəmxanlı!backend

Üzr istəyirəm Sizdən, Sabir Rüstəmxanlı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Zəngəzura uzanan əlindən danışmaq əvəzinə nələri müzakirə edirik?

Keçmiş deputat Hüseynbala Mirəlimovun məlum görüntülərini AzNews.az saytı olaraq bəlkə də hər kəsdən öncə yaya bilərdik. Amma nəinki yaymadıq, ümumiyyətlə, bu görüntülərdə “xəbər dəyəri” görmədik.

Hüseynbala Mirələmovu məlum əl hərəkətinə görə ittiham etmək, yaxud ona haqq qazandırmaq kimi bir niyyətim yoxdur. Özümü cəmiyyətin əxlaq müfəttişi saymıram, prokuror, hakim də deyiləm ki, kimisə yarğılamaq yetkim olsun.

Mənim işim jurnalist kimi, vətəndaşın bilgi almaq haqqına xidmət etmək, vətəndaşlıq məsuliyyətini artmasına yardım göstərmək, vətəndaşların siyasi iştirakçılığının güclənməsinə çalışmaqdır. Cəmiyyətimizin rasional, milli maraqlarımızın fərqində olan vətəndaş qruplarına ehtiyacı var. Məlum görüntülər bu ehtiyacın aradan qalxmasına kömək edə bilərmi? Xeyr! Deməli, bizim üçün, bizim sayt üçün xəbər dəyəri daşıya bilməz.

Bütün bunları yazmaq istəməzdim əslində. Kimsəyə ağıl öyrətmək, yol göstərmək tövründən uzağam. Ancaq bu gün bəzi həmkarlarımızın Sabir Rüstəmxanlıya telefon açıb onu “Mirələmovun məsələsi”nə qarışdırmaq istədiyini görəndən sonra, doğrusu, səbrimi cilovlaya bilmədim. Fərqi yoxdur, o zəng hansı redaksiyadan, hansı “jurnalist” tərəfindən edilib, ümumən media sektorundakı abu-havanın nəticəsidir. Kimisə günahlandırmağın yeri yoxdur, “sarı kart”a keçməsək, bu havanı təmizləmək mümkün olmayacaq.

“Sarı kart”ın isə gətirməli olduğu ən əsas yenilik Azərbaycanda baş redaktorların ictimai maraqların kalkulyatorları ola bilməsidir. Belə bir kalkulyasiya aparılsaydı, mütləq bir sual yaranardı: Sabir Rüstəmxanlı BOYDA adamı xırdalamaq olarmı?

Sabir Rüstəmxanlı sıradan bir yazıçı, sıradan bir deputat, sıradan bir partiya sədri deyil.

Sabir Rüstəmxanlı Azərbaycanın ən yaxın tarixinin simvollarından biridir, dövlətimizin ideoloji simalarındandır.

 

Sabir Rüstəmxanlı milli bilincimizi formalaşdıran “Ömür” kitabının müəllifidir.

Sabir Rüstəmxanlı estetik dünyagörüşümüzü formalaşdıran yüzlərlə gözəl şeirin müəllifidir.

Sabir Rüstəmxanlı bir zamanlar yüzminlərlə tirajla çap olunan “Azərbaycan” qəzetini nəşr etmiş adamdır.

Əgər bizlər bu gün pis-yaxşı bir imza kimi formalaşmışıqsa, obrazlı desək, Sabir Rüstəmxanlının qan yaddaşından, estetik dünyasından qidalana-qidalana, dolayısı ilə çörəyini yeyə-yeyə bu yerlərə çatmışıq.

44 günlük Vətən savaşının çox, amma çox nəticələri var.

O nəticələrdən biri də budur ki, Sabir Rüstəmxanlının “Ömür” kitabı Zori Balayanın “Ocaq” cızmaqarasına qalib gəldi.

Çünki “Ömür” milli idi, “Ocaq” faşist.

Çünki “Ömür”də bu millətin kodları, törələrindən doğan siyasi və hərbi əxlaq kodeksləri vardı, “Ocaq”da ermənilərin tarixi natamamlıq kompleksindən qaynaqlanan qaniçənlik, hərislik, işğalçılıq.

İndi biz bu ÖMÜR yolunu Mirələmovun “XƏCALƏT”inə şərik etməyə, Azərbaycana istiqlal qazandırmış bir ismi linç etməyə məqam axtarırıq.

Əlbəttə, Rüstəmxanlı təcrübəli adamdır, bu tələyə düşməz, amma məscidin qapısı açıqdırsa, Sabir bəy media əhlinə doğmalığı səbəbindən telefonlara cavab verirsə, şitini çıxarmağa nə hacət?

Bəli, bu gün bizim gündəmimiz kiminsə gündəyməzi olmalı deyil.

Qarabağa qayıdış, Zəngəzura qayıdış olmalıdır!

Azərbaycan prezidenti İlham Əliyev tariximizin bütün paradiqmalarını yenidən dizayn edir, 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıtmalı olduğumuzun və qayıdacağımızın anonsunu verir. Zəngəzura qayıdacaq atları yəhərləyib İlham Əliyev, ayağını üzəngiyə basıb, atlanlb. 45-in içindəyəm, az yaşım yoxdur, bu yaşacan Heydər və İlham Əliyevlərin yağmayacaq bir yağışa dua etdiklərini, gerçəkləşməyəcək bir işdən bəhs etdiklərini görməmişəm.

Zəngəzur əlimizdən necə çıxdı?

Zəngəzura necə qayıdacağıq?

Azərbaycanın bütün beyinləri- siyasətçilər, tarixçilər, politoloqlar, diplomatlar, sosioloqlar, bir sözlə hər kəs, Azərbaycanın Zəngəzura uzanan əlindən danışmalıdır.

Amma biz cırtdan kiçikliyimizlə Hüseynbala Mirələmovun əlindən danışırıq.

Təkcə, özümüz danışmırıq, həm də Zəngəzura dönüşdə milli düşüncə platformasının özünü isbatlamış tarixi fiqurlarını da Sabir Rüstəmxanlının timsalında bu söhbətlərə çəkmək istəyirik.

Üzr istəyirəm Sizdən, Sabir bəy, çox-çox üzr istəyirəm!

Taleh ŞAHSUVARLI

 

 

İnterpress.az