Sentyabr ayının 27-də “De Fendo” Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Anım Günü ilə əlaqədar iclas iştirakçıları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Kollegiyanın sədri Anar Bağırov Anım Gününün hər kəs üçün müqəddəs gün olduğunu bildirib.
Daha sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanında uğur qazanmış 12 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.
İclas gündəliyinə uyğun olaraq “Philip C. Jessup” Beynəlxalq hüquq üzrə məhkəmə müsabiqəsində iştirak edəcək komandanın qeydiyyat xərclərinin qarşılanması ilə bağlı Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyevin müraciətinə baxılıb və müvafiq maddi dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.
Eyni zamanda iclasda Vəkillər Kollegiyasının beynəlxalq təşkilatlardakı nümayəndələrinin təyin olunması ilə bağlı məsələyə baxılaraq, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usubun Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasında (CCBE), Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Lalə Nağıyevanın Avropa Vəkillər Kollegiyaları Federasiyasında (FBE), Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədovanın Asiya və Sakit Okean Hüquq Assosiasiyasında (LAWASIA), vəkillər – Yunis Nəsibov, İlham Hüseynov və Şərəf Məmmədovanın müvafiq olaraq Avropa Gənc Vəkillər Assosiasiyası (EYBA), Beynəlxalq Vəkillər Assosiasiyası (UIA) və Avropa Vəkillər Assosiasiyasında (AEA-EAL) səlahiyyətli nümayəndə kimi ölkəmizi təmsil edəcəkləri barədə qərar qəbul edilib.
Həmçinin vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərə baxılıb və müvafiq qərarlar verilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.