Venesuelada 5 gün dağıntılar altında qalan 21 yaşlı gənc sağ çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Venesuelada baş vermiş dağıdıcı zəlzələdən sonra fəlakət bölgəsində növbəti inanılmaz möcüzə qeydə alınıb. Xilasedicilər çökmüş binanın dağıntıları altında düz 5 gün (120 saatdan çox) köməksiz vəziyyətdə qalan 21 yaşlı Aron Levi Kantilyo Varqası sağ-salamat çıxarmağı bacarıblar.
Çətin şəraitdə keçirilən xilasetmə əməliyyatında Venesuela, Meksika və Salvadorun xüsusi təyinatlı axtarış-xilasetmə qrupları birgə iştirak ediblər.
Mütəxəssislər gəncə çatmaq üçün saatlarla beton plitələri və ağır uçqunları əlləri və xüsusi avadanlıqlarla təmizləyiblər.
Salvador Prezidenti Nayib Bukele sosial şəbəkə hesabında paylaşım edərək gənc oğlanın xilas edilməsini əsl “möcüzə” adlandırıb və xilasedicilərə fədakar əməklərinə görə təşəkkür edib.
Dağıntılar altından çıxarılan Aron təcili olaraq xəstəxanaya yerləşdirilib, onun bədənində güclü susuzlaşma və əziklər qeydə alınsa da, ümumi səhhətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, bundan əvvəl xilasedicilər eyni zəlzələnin fəsadları nəticəsində çökmüş digər binanın altından doqquzaylıq körpəni və onun anasını da sağ-salamat xilas etmişdilər.
Xuraman Etibarlı
İnterpress.az






