Bakı şəhərində jurnalistin işədüzəltmə adı altında vətəndaşın pulunu mənimsədiyi iddiası ilə bağlı daxil olan şikayət üzrə araşdırma aparılır.
İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
***
Bakı şəhərində jurnalistin işədüzəltmə adı altında vətəndaşın pulunu mənimsədiyi iddia olunur.
Bu barədə Oxu.Az-a şəhər sakini Rüfət Mikayılov şikayət ünvanlayıb.
O bildirib ki, Fariz Faiq oğlu Vəliyev adlı şəxs ondan anasını işə düzəldəcəyini deyərək 1 500 manat məbləğində pul alıb, lakin işə düzəltməyib:
“Anam işlədiyi yerdə ixtisara düşdü. İşdən çıxarıldı. Bundan sonra ona iş axtarırdıq. Fariz Faiq oğlu Vəliyev anamı işə düzəldə biləcəyini dedi. Məndən 1 500 manat istədi. Ötən ilin dekabrın 8-10 aralığında onun kart hesabına 1 500 manat pul köçürdüm. Şərt kəsmişdim ki, işə düzəltməsən, verdiyim pulun ikiqatını geri alacağam. O, dediyinə əməl etmədi. Hər dəfə deyirdi, bu gün alınacaq, sabah düzələcək. Heç bir iş görmədi. Bir həftədən çoxdur, nömrəsinə zəng çatmır. Eşitdiyimə görə, jurnalist kimi fəaliyyət göstərir. Onun barəsində 26 saylı polis bölməsində şikayət ərizəsi yazmışam. Tez zamanda tapılıb verdiyim ödənişin geri qaytarılmasını istəyirəm”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.