Vilayətinin fikirləri Azərbaycan-Iran münasibətlərinin inkişafına  xidmət etmir – ŞƏRHbackend

Vilayətinin fikirləri Azərbaycan-Iran münasibətlərinin inkişafına xidmət etmir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycana qarşı müxtəlif fikirlər səsləndirib. Vilayəti deyib ki, “İran qəti və çevik hərəkətləri ilə “Zəngəzur dəhlizi” adlanan dəhlizin açılışını pozdu, özünün və Rusiyanın əngəllənməsinə mane oldu. Bəzi ölkələr “Zəngəzur dəhlizi” yaratmaq bəhanəsi ilə Ermənistan vasitəsilə Naxçıvanı Azərbaycanla birləşdirməyə çalışdılar. Bu, Ermənistanın parçalanması və İranın Avropaya gedən dəhlizinin bağlanması demək olardı. Lakin İran onun icrasını pozdu”.

Üzdə dost, daxildə düşmən olan Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri politoloq Əlimusa İbrahimov İnterpress.az-a açıqlamasında şərh edib.

O bildirib ki, Xameinin müşavirinin Zəngəzur dəhlizi və Azərbaycana qarşı səsləndirdiyi fikirlər təəssüf doğurur və reallığı düzgün əks etdirmir.

“İran İslam Respublikasının Ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin son günlərdə Zəngəzur dəhlizi və Azərbaycana qarşı səsləndirdiyi fikirlər, həqiqətən, təəssüf ediləsi fikirlərdir və reallığı düzgün əks etdirmir. Çünki Zəngəzur dəhlizinin açılmasının qarşısının birdəfəlik alınması siyasi proseslərdən düzgün baş çıxarmayan və ya regionda baş verən prosesləri qəsdən yanlış izah edən bir şəxs tərəfindən səsləndirilə bilər.

Bu gün nə regionda, nə də regiondankənar siyasətçilərin heç biri bu dəhlizin heç zaman açılmayacağına hökm verə bilər. Dünyada baş verən qlobal hadisələrin təsiri ilə Zəngəzur dəhlizi bu gün açılmayıbsa, bu o demək deyil ki, sabah vəziyyət dəyişə bilər və dəhlizin açılmasına qarşı çıxanlar onun həyata keçirilməsinə çalışarlar.

Digər tərəfdən Zəngəzur dəhlizinin açılmaması İranın buna qarşı çıxmasının nəticəsi ilə deyil, Ermənistanın bu dəhliz üzərində istədiyi nəzarəti ala bilməməsi ilə bağlı idi. Əgər Ermənistan ona təqdim olunan şərtlərlə razı olsaydı, İranın təzyiqlərinə baxmayaraq bu dəhliz açılacaqdı. Bu məsələdə əsas söz sahibi İran deyil, Ermənistanın üzərində daha ciddi nəzarəti olan maraqlı dövlətlərdir”, – siyasi şərhçi bildirib.

Ə.İbrahimovun fikrincə, Azərbaycan-İran münasibətlərinin daha da inkişaf etməsi İrandakı bəzi qüvvələri ciddi narahat edir və Əli Əkbər Vilayəti də bu qüvvələrə xidmət edir.

“Digər tərəfdən Zəngəzur dəhlizinin açılması İranın Ermənistanla quru sərhədinin bağlanılması anlamına gəlmir və Vilayəti bunu çox gözəl başa düşür. Dəhlizin keçəcəyi ərazi heç də Azərbaycan və ya Rusiyanın istifadəsinə verilmir ki, İranla sərhəd bağlansın.

Dəhliz Ermənistanın ərazisindən keçəcək bir yoldur və bu yolun istifadəsi ilə İranla Ermənistan arasında olan sərhədin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Bu baxımdan Vilayətinin “Bəzi ölkələr “Zəngəzur dəhlizi” yaratmaq bəhanəsi ilə Ermənistan vasitəsilə Naxçıvanı Azərbaycanla birləşdirməyə çalışdılar. Bu, Ermənistanın parçalanması və İranın Avropaya gedən dəhlizinin bağlanması demək olardı. Lakin İran onun icrasını pozdu” deməsi heç bir məntiqə sığmır.

Bütün bunlar heç də İran İslam Respublikasının Ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin real vəziyyətdən xəbərdar olmaması və ya regionda baş verən prosesləri yetərincə bilməməsi anlamına gəlmir. Vilayəti İranın ciddi siyasətçilərindən hesab olunur və İran xarici siyasətini istiqamətləndirənlərdən biridir. Sadəcə olaraq, bu gün Azərbaycan-İran münasibətlərinin daha da inkişaf etməsi İrandakı bəzi qüvvələri ciddi narahat edir ki, Əli Əkbər Vilayəti də bu qüvvələrə xidmət edir, əgər onların başında dayanmırsa”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az