Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıbbackend

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Goranboy rayonunda müvəqqəti məskunlaşmış, Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə keçirdiyi görüşdə məlumat verilib.

Bildirilib ki, görüşdə Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak ediblər.

Goranboy şəhəri yaxınlığında məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində və Ağcakənd qəsəbəsində keçirilən hər iki görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, torpaqlarımızın işğaldan azad edilməsində, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasında vətənpərvərlik nümunəsi göstərən hərbçilərimizin xidmətləri yüksək dəyərləndirilib, özünün mükəmməl siyasəti, diplomat və sərkərdə istedadı ilə xalqımıza böyük Zəfər qazandıran Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə məcburi köçkünlər adından dərin minnətdarlıq bildirilib.

44 günlük Vətən müharibəsindən və Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, bölgədə sülh və reinteqrasiya şəraitində yaşamaq, dayanıqlı məskunlaşmaq və iqtisadi dirçəlişi təmin etmək üçün əlverişli imkan yaranıb.

Məcburi köçkünlük dövründə xocalılıların və xankəndililərin dövlət qayğısı ilə əhatə edildikləri, onların sosial müdafiəsinin və mənzil-məişət problemlərinin həllinin diqqət mərkəzində olduğu vurğulanıb, bu məsələlərə Prezident İlham Əliyevin də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdıqları minnətdarlıq hissi ilə vurğulanıb. İşğaldan azad edilmiş ərazilərin dirçəlişinin, bərpasının və yenidən qurulmasının, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsinin, indi isə Xocalıya və Xankəndiyə geri dönüş imkanının yaranmasının böyük ruh yüksəkliyi doğurduğu bildirilib.

İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, dağıdılmış şəhər və kəndlərin yenidən bərpa edildiyi, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastrukturun qurulduğu, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi, Xocalıya və Xankəndiyə də Böyük Qayıdışın səmərəli şəkildə təşkili ilə bağlı hazırlıq işlərindən, dövlət başçısının bu barədə verdiyi tapşırıqlardan danışıb, görüş iştirakçılarının rəy və mülahizələrini dinləyib, suallarını cavablandırıb.