Xaricdəki ziyalılar: həmişə dövlətimizin, ordumuzun yanındayıq!backend

Xaricdəki ziyalılar: həmişə dövlətimizin, ordumuzun yanındayıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tovuz təxribatları zamanı Azərbaycan diasporu təşkil etdiyi aksiyalarda Azərbaycan ordusuna dəstəyini göstərdi və qlobal platformalardakı informasiya savaşında düşmənin layiqli cavabını verdi.

Diasporla İş Üzrə Dövlət Komitəsindən İnterpress.az-a verilən məlumata görə, dünyanın nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlərində, şirkətlərdə calışan azərbaycanlı mütəxəssislər yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərməklə yanaşı Azərbaycan həqiqətlərini təbliğ edir, ümummilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirirlər.

“Xaricdə yaşayan minlərlə azərbaycanlı ruhu və qəlbi ilə sizin yanınızdadır”

Azərbaycanın xalq rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətov deyir ki, Ermənistanın Tovuza hücumu, qəhrəmanlarımızın ölümü azərbaycanlıların əksəriyyətinin mlli şüurunu oyatdı, minlərlə insan küçələrə axışıb təcavüzkar düşmənin cavabını verməyi tələb etdi. Mən soydaşlarımıza demək istəyirəm ki, xaricdə yaşayan minlərlə azərbaycanlının da ruhu və qəlbi ilə sizin yanınızdadır. Sabah müharibə başlasa, əminəm ki, vətənimizdən uzaqda yaşayan bir çoxumuz gəlib torpaqlarımız uğrunda vuruşacağıq. Ermənistanın iyul təxribatından sonra Azərbaycanda və xaricdə yaşayan soydaşlarımızın göstərdiyi birlik və həmrəylik bir daha sübut etdi ki, xalqımız Qarabağı geri qaytarmaq əzmindədir. Dövlətimizin başçısı, Ali Baş Komandan, xalq və ordu birləşərək Qarabağ torpaqlarının azad edilməsi və işğalçılardan təmizlənməsini səbirsizliklə gözləyir. Zor və qanla işğal edilmiş torpaqlarımızı təəssüf ki, elə güc və qanla da geri qaytara bilərik. Əgər sabah müharibə başlasa xalqımız qan axıdılacağını, qurbanlar verəcəyini bilir, amma BİZ QALİB GƏLƏCƏYİK!”

“Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır”

Ukraynada texnika elmləri doktoru, professor, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru Murad Ömərov: “2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin tövsiyələrini əsas tutaraq Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində daha yüksək səviyyədə təşkilatlanmağa başladı. 2002-ci ildə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsi isə bu proseslərə böyük təkan verdi. Artıq 2020-ci ildə püxtələşmiş, təşkilatlanmış Azərbaycan diasporu tarixi Vətəndə gedən proseslərə, Dağlıq Qarabağ probleminə lazımi reaksiya verir və Azərbaycan həqiqətlərinin dünya içtimayətinə çatdırılmasında çox böyük rol oynayır.

Tovuz döyüşləri zamanı biz bir daha soydaşlarımızın bu reaksiyasının şahidi olduq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən, Amerika və Avropada Azərbaycan diaspor təşkilatlarının çoxsaylı etiraz mitinqləri dünya içtimayətinin diqqətini cəlb etməyə məcbur etdi. Ukraynanın bir neçə böyük şəhərində, o cümlədən Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun qarşısında aksiya keçirildi. Çıxış edənlər Ermənistan hərbiçilərinin Tovuz rayonu ərazisində törətdiyi təxribatı qəti şəkildə pisləyərək Azərbaycan həqiqətlərini Xarkov ictimaiyyətinə çatdırdı.

Biz əminik ki, dövlətimizin apardığı müdrik siyasət nəticəsində doğma Qarabağımız tezliklə erməni işğalından azad olunacaq. Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq və hər cür dəstək verməyə hazırıq”.

“Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir”

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, Azərbaycanın Tovuz rayonuna Ermənistanın hücumu bir daha bu ölkənin məkrli siyasətini ortaya qoydu: “Belə təxribatçı hücum əslində Ermənistan tərəfinin bölgədə sülh, əməkdaşlıq və əmin-amanlıq yerinə vəziyyəti gərginləşdirmək, yeni müharibə məkanları yaratmaq və ən önəmlisi isə öz işğalçı niyyətlərindən vaz keçmədiyini ortaya qoydu.

Tovuz rayonu Dağlıq Qarabağdan 100 kilkometrlərlə uzaqda yerləşir. Əgər Ermənistan beynəlxalq ictimaiyyətin fikrini Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönləndirməyə çalışırsa, açıq şəkildə demək lazımdır ki, çox uğursuz addım idi. Düşmənin niyyəti baş tutmadı, çünki Azərbaycan daha hazırlıqlı, daha mütəşəkkil hərbi texnikaya və digər imkanlara sahibdir. Diqqət edirsinizsə Azərbaycan sadəcə bu nöqtədə hadisələri sakitləşdirməyə çalışdı, yəni bəhanə edib Dağlıq Qarabağ ərazisində geniş hücuma keçmədi. Bu da Azərbaycanın məsələnin sülh yolu ilə həllinə çalışmasının sübutudur.

Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan torpaqlarının azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini beynəlxalq ictimaiyyətdən və ya beynəlxalq hüquq tərəfdarlarından tələb edirik. Əgər biz bölgədə sülh və sabitlik istəyiriksə, Qarabağ məsələsi təcili şəkildə həlli vacib şərtlərdən biridir. Bu da təbii ki, Azərabycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qarabağ məsələsi ümummillli məsələdir, Qarabağ məsələsi Azərbaycan xalqının ortaq problemidir. Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur. Qarabağ məsələsində əslində Vətəndən uzaqda, yaxında yaşamaq məsələsi yoxdur. Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir, problemidir. Son hadisələr də göstərdi ki, artıq Azərbaycan xalqı məsələnin həllini istəyir. İstər Türkiyədə olsun, istər Rusiyada, Amerika, Avropanın hər hansı bir ölkəsində azərbaycanlılar dinc etiraz səslərini yüksəltdilər. Təbii ki, ermənilərin təxribatçı əməlləri bu ölkələrdə də sürdü. Bunu gördük. Amma bir daha təkrar edirik məsələnin sülh yolu ilə həlli bizim tələbimizdir. Əks halda inanırıq ki, Azərbaycan dövlətinin bu torpaqları hər vasitə ilə azad etmək, təmizləmək haqqı və imkanı vardır”.

 

İnterpress.az