Xəzər dənizində tank əlehinə mina aşkarlandı – FOTO/VİDEObackend

Xəzər dənizində tank əlehinə mina aşkarlandı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhəri ərazisində Xəzər dənizinin sahilə yaxın sularında partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən edilib. Pirotexniklər istehkamçı qarmağından istifadə etməklə minanın altında “sürpriz” qurğunun olmadığına əmin olduqdan sonra mina yerindən götürülüb və zərərsizləşdirilməsi üçün XRXX-nin xüsusi təyinatlı avtonəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və yaxın ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində “Azərişıq” ASC tərəfindən aparılan qazıntı işləri zamanı döyüş sursatının aşkar edilməsi barədə daxil olan məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən əraziyə keçirilmiş baxış zamanı aşkar edilmiş sursatın partladıcıları olmayan, lakin döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbaralar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.