Yaponiyada qasırğa səbəbi ilə 1,6 milyon insan evakuasiya edilirbackend

Yaponiyada qasırğa səbəbi ilə 1,6 milyon insan evakuasiya edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Hayşen” qasırğasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın yerli hakimiyyət orqanlarına ölkənin cənub və cənub-qərbində yerləşən yaşayış məntəqələrindən 1,67 milyon sakinin evakuasiya edilməsi barədə tapşırıq verilib.

İnterpress.az– ın verdiyi xəbərə görə, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Evakuasiya planı Saqa, Naqasaki, Kumamoto, Oita, Miyadzaki və Kaqosima əyalətlərini əhatə edir. Eyni zamanda ölkənin cənub və cənub-qərbində yaşayan 5,6 milyon insana qasırğa ilə əlaqədar tövsiyələr verilib.

Yaponiya Milli Meteorologiya İdarəsi sutka ərzində 600 mm-ə qədər yağıntı düşəcəyi barədə xəbərdarlıq edib. Bəzi rayonlarda küləyin sürəti saniyədə 50 metrə çatır.

Bu gün “Hayşen” qasırğası ilə əlaqədar 550-dən çox daxili aviareys təxirə salınıb, sentyabrın 7-dən isə ölkənin cənub və cənub-qərbində qatarların hərəkəti dayandırılacaq.

“Toyota”, “Honda” və “Mitsubishi Heavy Industries” kimi böyük şirkətlər güclü qasırğaya görə bölgədəki zavod və müəssisələrini dayandırmağa məcbur olub. Həmçinin böyük marketlər şəbəkəsi olan “7-Eleven” tayfun zamanı cənub və cənub-qərbi prefekturalarda 1650 mağazanın müvəqqəti bağlandığını elan edib.

Hazırda “Hayşen” qasırğası Sakit okean boyunca Yaponiyanın ən cənub bölgəsi Okinava istiqamətində 20 km/saat sürəti ilə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti 70 m/s-yə çatır. Qasırğanın bazar günü gecə Yaponiyanın cənub bölgəsinə çatacağı gözlənilir.

Ölkənin Baş naziri Sindzo Abe cümə günü hökumətin təcili toplantısını keçirib və əhalinin mühafizəsi üçün lazımi tədbirlərin görülməsinə dair tapşırıqlarını verib. Cənub-qərbi prefekturaların rəsmiləri rekord dərəcədə yağan yağışların daşqınlara yol açmaması üçün bölgədə yerləşən 20 bənddə suyu boşaldıblar.

İnterpress.az